“İQNA”-nın zahraa.mr saytına istinadən verdiyi xəbərə görə, Salman bin Əbdüləziz kral fərmanı ilə Mədinə şəhərindəki Züqibəltəyn məscidinin 24 saat açıq qalmasını elan edib.
Bu addımın məqsədi, ziyarətçilərə və namaz qılanlara günün bütün saatlarında ibadət etmək imkanı yaratmaq və onlara mənəvi atmosferdə hərtərəfli xidmətlər təqdim etməkdir.
Bu qərar, xüsusilə dini baxımdan simvolik əhəmiyyət daşıyan tarixi məscidlərdə — məsələn, iki qibləli Züqibəltəyn məscidində — ziyarət təcrübəsini yüksəltmək məqsədilə qəbul olunub.
Bu münasibətlə Səudiyyə Ərəbistanının İslam İşləri, Dəvət və İrşad naziri Əbdüllətif bin Əbdüləziz Al-əş-Şeyx bildirib ki, məscidin gecə-gündüz açıq qalması hökumətin ziyarətçilərə xidmət göstərmək və onların ibadətini asanlaşdırmaq yönündəki sədaqətini göstərir.
O qeyd edib ki, bu qərar Səudiyyə Ərəbistanının 2030 Baxışı çərçivəsində qəbul olunub və məqsəd müqəddəs məkanlarda və tarixi məscidlərdə xidmətlərin artırılmasıdır. Nazir əlavə edib ki, bu nazirlik daima tarixi məscidlərin qorunması və inkişafı üçün layihələr həyata keçirir ki, bu məkanlar İslam irsinin əzəmətinin canlı şahidi olaraq qalsınlar.
İki qibləli məscidin adının sirri və tarixi əhəmiyyəti
Züqibəltəyn məscidi İslam tarixində mühüm bir hadisə ilə bağlıdır, çünki burada müsəlmanların qibləsi Məscidül-Əqsa’dan Kəbəyə çevrilmişdir.
Qiblətəyn (Züqibəltəyn) məscidi Mədinə şəhərində yerləşir və “Bəqərə” surəsinin 144-cü ayəsi nazil olduqda Peyğəmbər (s) bu məsciddə qiblənin Məscidül-Əqsadan Kəbəyə dəyişdirilməsi barədə ilahi əmri almışdır.
Məscidin son əsaslı yenidən qurulması hicri 1408-ci ildə tamamlanmışdır.
4309372