IQNA

Əl-Əzhər şeyxi: “Müstəqil Fələstin dövləti qurulmadan sülh mümkün deyil”

0:48 - October 28, 2025
Xəbər sayı: 3499109
İQNA - Əl-Əzhər şeyxi Əhməd ət-Tayyib İtaliyada keçirilən “Sülhə nail olmaq üçün cəsarət tapmaq” adlı Dünya Sülh Sammitində çıxışı zamanı Fələstini tanıyan ölkələrə təşəkkür edərək bildirib ki, müstəqil Fələstin dövləti yaradılmadan sülhə nail olmaq mümkün olmayacaq.

“Al-Masri al-Youm”un xəbərinə görə, Əhməd ət-Tayyib İtaliya Prezidenti Serxio Mattarellanın himayəsi ilə keçirilən tədbirdə çıxışı zamanı deyib: “Mütləq ədalət anlayışı göylərin və yerin üzərində qurulduğu qızıl düsturdur. Allah bu düsturu insan hüquqlarının təminatçısı etmişdir ki, insanlar irq, cins, rəng, din və dil fərqindən asılı olmayaraq bərabərlik, azadlıq, ləyaqət, təhlükəsizlik, sülh və qardaşlıq içində yaşasınlar”.

O əlavə edib ki, müasir sivilizasiyanın bu dəyərlərə qəsdən göz yumması mənasız müharibələrə gətirib çıxarmışdır; bu müharibələr yoxsul xalqların üzərinə yüklənmiş, insanın ləyaqətini və müqəddəsliyini məsxərəyə qoymuşdur. Halbuki Allah öz müqəddəs kitablarında insan ləyaqətinin tapdalanmasına qarşı xəbərdarlıq etmişdir.

Ət-Tayyib daha sonra yoxsulluq, işsizlik, aclıq kimi iqtisadi böhranlara, dünya ölkələrinin varlı və rifahlı Şimal və müharibə, aclıq, borc və xəstəlik yükü altında qalan kasıb Cənub bölgələrinə bölünməsinə, həmçinin təbii ehtiyatların azalması ilə bağlı ekoloji böhranlara toxunub.

O bildirib ki, cəmiyyətləri təhdid edən sosial böhranlar millətlərin inanc və müqəddəslərinə, daimi dini və əxlaqi prinsiplərinə təsir göstərir və xüsusilə “ailə” institutunu daima hədəf alır.

Əl-Əzhər şeyxi çıxışının davamında Fələstini tanıyan ölkələrə təşəkkür edərək deyib: “Bu ölkələrin göstərdiyi cəsarətə və insan vicdanının oyanışını təcəssüm etdirdiklərinə görə onları salamlayıram. Hamımız ümid edirik ki, bu addım Fələstin xalqının qanuni hüquqlarına, xüsusən də paytaxtı Qüds olan müstəqil Fələstin dövlətinin qurulmasına doğru praktik bir mərhələ olacaq”.

O vurğulayıb ki, bu gün beynəlxalq ictimaiyyət bölgədə və dünyada sülhün bərqərar olmasının yeganə yolunun iki dövlətli həll olduğunda həmfikirdir və müstəqil Fələstin dövləti yaradılmadan Yaxın Şərqdə sülhdən danışmaq mümkün deyil.

4313119

Teqlər: Əl Əzhər ، fələstin ، sülh ، sammit
captcha