IQNA

Əhməd Nüəynənin yanlış tilavətindən sonra

Taruti Quran fəallarının arasında ixtilaf salmamağın vacibliyini vurğuladı

15:25 - November 02, 2025
Xəbər sayı: 3499134
İQNA - Misirin tanınmış qarisi Əbdülfəttah Taruti, Əhməd Nüəynənin son tilavəti ətrafında yaranan mübahisələrlə bağlı bəyanat yayaraq Quran əhli arasında ixtilaf və parçalanmadan uzaq durmağın vacibliyini vurğulayıb.

“İQNA”-nın “Əd-Dövla News” saytına istinadla verdiyi xəbərə görə, Misirin “Şeyxül-Qurra”sının müavini və ölkənin Qarilər İttifaqının baş katibi Əbdülfəttah Taruti, Misir Qari və Hafizlər İttifaqının səhifəsində Əhməd Nəinənin – həkim və qari olan tanınmış misirlinin tilavəti ilə bağlı yazılan fikirlər barədə bəyanat yayıb.

O deyib: “Bu xəbər İttifaqın rəsmi səhifəsində hörmətli İttifaq rəhbəri Şeyx Məhəmməd Saleh Haşşad tərəfindən paylaşıldıqdan sonra mən onunla əlaqə saxladım. O izah etdi ki, bu tilavət İsgəndəriyyədəki ‘əl-Mərsi Əbu’l-Abbas’ məscidindən canlı yayımlanıb və bəzi istifadəçilər tərəfindən ona göndərilərək, tilavətdə ola biləcək səhv və ya unudulma hallarına münasibət bildirməsi xahiş olunub.”

Taruti əlavə edib: “Tilavətdə səhv etmək elə bir haldır ki, heç kəs ondan məsum deyil. Böyükdən kiçiyə qədər bütün Quran əhli belə bir şeylə qarşılaşa bilər. Lakin Quran-ı Kərim ucalığı və məğlubedilməzliyi ilə daim qalibdir.”

O davam edib: “İttifaqın rəhbəri bildirdi ki, bu məsələdə öz vəzifəsini yerinə yetirib, çünki ittifaqın əsas məqsədlərindən biri Allahın kitabını səhvlərdən qorumaqla yanaşı, qari və hafizlərin mövqeyini, şəxsiyyətini də qorumaqdır. Bu məsələdə heç kim istisna deyil.”

Taruti vurğulayıb: “Mən hörmətli qari doktor Əhməd Nüəynəyə– həm şəxsən, həm də Misirin ‘Şeyxül-Qurra’sı kimi – dərin ehtiram bəsləyirəm. O, çox dəyərli və uca şəxsiyyətdir və heç kim ona hörmətsizlik edə və ya zərər verə bilməz.”

O deyib: “Bu hadisə Quran əhli arasında sevgi və hörmət bağlarını zədələyə bilməz. Bu bağlar bizi Allahın kitabına olan məhəbbət və Quran xidmətində saf niyyət, ixlas və mərhəmət ruhu ilə birləşdirir.”

Taruti vurğulayıb ki, Quran əhli arasında sevgi və məhəbbət İslamın əsas və ruhudur. Misirin “Şeyxül-Qurra” idarəsi və Qarilər İttifaqı bir-birini tamamlayan iki qanaddır və hər biri digərinin mövcudluğu olmadan inkişaf edə bilməz.

O, sonda hər kəsi Quran əhli arasında ixtilaf və parçalanmadan çəkinməyə çağıraraq bildirib: “Bizim hamımızın məqsədi Qurana və Quran əhlinə xidmət etməkdir.”

Qeyd edək ki, daha öncə Əhməd Nüəynənin bir tilavətinin videosu yayılmışdı və orada iki səhv müəyyən edildiyi üçün bu tilavət Misir Qarilər İttifaqına göndərilmişdi.

İttifaqın baş katibi Şeyx Haşşad da həmin video ilə birlikdə ittifaqın rəsmi səhifəsində bəyanat paylaşaraq bildirib ki, bu məsələ ilə bağlı İttifaq Şurası tezliklə toplantı keçirəcək və uyğun qərar qəbul edəcək.

Bununla belə, Əhməd Nüəynə məsələ ilə bağlı açıqlama verməkdən imtina edib və deyib ki, “Misir qarilərinin nüfuzunu qorumaq üçün bu barədə danışmayacağam. Allah-Təala ümməti səhvlərinə, unutqanlıqlarına və məcbur qaldıqları şeylərə görə bağışlayır.”

4314020

Teqlər: misir ، qari ، quran ، ixtilaf
captcha