IQNA

Oman müftisi Qəzzaya yardımların sürətləndirilməsini tələb etdi

11:34 - December 14, 2025
Xəbər sayı: 3499398
İQNA – Oman müftisi Şeyx Əhməd bin Həmd əl-Xəlili açıqlamalarında Qəzza zolağına humanitar yardımların tezliklə çatdırılmasını tələb edib.

“İQNA”-nın xəbərinə görə, Şeyx Əhməd bin Həmd əl-Xəlili sosial şəbəkə “X”də yazıb: “Qəzza zolağında güclü yağışlar, sel və öldürücü soyuq hava şəraiti bütün müsəlmanlara və xeyirxah insanlara vacib edir ki, yardım üçün tələsərək onların ehtiyaclarını təmin etsinlər.” 

O əlavə edib: “Qəzza zolağı sərhədində qalmış hazır evlərin daxil olması tez bir zamanda asanlaşdırılmalıdır və bu evlərin girişinə mane olan tərəflərə təzyiq göstərilməlidir.” 

Əl-Xəlili vurğulayıb: “Bu, xeyir işdə əməkdaşlığın bir nümunəsidir və xeyirxah insanlar buna tərəf tələsməlidirlər.” 

BMT Uşaq Fondunun (UNICEF) cümə günü verdiyi açıqlamada bildirilib ki, Qəzza zolağında tufan və güclü yağışların yaratdığı sel nəticəsində 800 mindən çox insanın həyatı təhlükə altındadır və onların yarısı uşaqlardır. 

UNICEF dünya ictimaiyyətinin Qəzza məsələsindəki davranışını tənqid edərək əlavə edib: “Beynəlxalq ictimaiyyət uğursuz olub və biz Qəzza uşaqlarını – qış boyunca qarşısı alına biləcək səbəblərdən həyatlarını itirənləri – məyus etmişik.” 

Fondun açıqlamasına görə, Qəzza zolağında atəşkəsin tətbiqindən bəri 82 uşaq həyatını itirib ki, bu, sarsıdıcıdır və dayandırılmalıdır.  

BMT-nin Fələstinli Qaçqınlara Yardım və İş Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini də cümə günü “Bayron” tufanı nəticəsində Qəzza zolağında yaranmış fəlakətli humanitar vəziyyətdən narahatlığını ifadə edərək bildirib: “Qəzza zolağında yaşayan fələstinlilər, hər şeylərini itirmiş halda, yeni bir əzab dalğası ilə üz-üzədirlər.” 

Cümə axşamı sübhündən güclü yağışlardan sonra minlərlə qaçqın çadırı su altında qalıb. 

4322717

captcha