
“İQNA”-nın “kooora.com”-a istinadən verdiyi xəbərə görə, Mərakeş milli futbol komandası Qətərin “Lusail” stadionunda İordaniyaya qalib gələrək Ərəb Millətlər Kubokunun çempionu oldu və bu qələbəni böyük sevinc və coşqu ilə qeyd etdi.
Əbdürrəzzaq Həmdullah bu finalın qəhrəmanı və ulduzu oldu. O, əvəzçi kimi oyuna daxil olaraq iki qol vurdu, İordaniyanın üstünlüyünü dəyişdi və nəticədə qələbəni komandasına qazandırdı.
Komanda qalibiyyətdən sonra düşərgəyə qayıdarkən, mərakeşli jurnalist Əşrəf bin Əyyad milli komandanın avtobusunda oyunçularla söhbət etdi. O, Əbdürrəzzaq Həmdullahdan Quran ayələri tilavət etməsini xahiş etdi. Mərakeşli ulduz futbolçu isə gözəl səsi ilə ayələri təcvid və tərtil qaydası ilə oxudu və bu tilavət böyük maraq və rəğbət gördü.
Əbdürrəzzaq Həmdullah 17 dekabr 1990-cı ildə anadan olub. O, hücumçu mövqeyində Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda və Mərakeş milli komandasında oynayır. Qol vurmaq bacarığına görə ona “Cəllad” ləqəbi verilib.
Milli komanda ilə vida
Ərəb Millətlər Kubokunun finalında Mərakeş və İordaniya milli komandaları qarşılaşdı. Maraqlı və həyəcanlı oyunda Mərakeş 3–2 hesabı ilə qalib gələrək kuboku başı üzərinə qaldırdı.
İordaniya oyunun son dəqiqələrinə qədər 2–1 hesabı ilə öndə idi. Lakin Əbdürrəzzaq Həmdullah bərabərlik qolunu vurdu və oyun əlavə vaxtlara uzandı. Əlavə vaxtın 100-cü dəqiqəsində isə Həmdullah üçüncü qolu vuraraq Mərakeşə qələbə qazandırdı. Beləliklə, İordaniyanın layiqli mübarizəsinə baxmayaraq, çempion Mərakeş oldu.
Həmdullah oyundan sonra mətbuat konfransında dedi: “Bu, Mərakeş milli komandası ilə mənim son oyunum idi və bu titula görə çox xoşbəxtəm.”
O, Quranın Ali-İmran surəsinin 26-cı ayəsini tilavət etdi:
“De: Ey Allahım, mülkün sahibi Sənsən! Sən istədiyinə mülk verərsən, istədiyindən mülkü alarsan. Sən istədiyinə izzət verərsən, istədiyini zəlil edərsən. Xeyir yalnız Sənin əlindədir. Şübhəsiz ki, Sən hər şeyə qadirsən.”
Bu tilavətin videosu da yayımlanıb.
4323925