“İQNA”-nın “əl-Busula” xəbər portalına istinadla verdiyi məlumata görə, bu tədbir sionist rejimin Qəzza zolağında iki illik soyqırım müharibəsindən sonra düşərgənin küçələrinə sevinc, ümid və müqavimət ruhunu geri qaytardı.
Mərasim “Qəzza Quran hafizləri ilə çiçəklənir” şüarı ilə, Fövqəladə Komitənin dəstəyi və “Əyad əl-Xeyr” İnstitutu ilə Küveytin “Aliyə” xeyriyyə təşkilatının əməkdaşlığı ilə təşkil olunub. İştirakçılar Quran tilavəti, təkbir və təhlillərlə nizamlı sıralarda düşərgənin küçələrini dolaşaraq, əllərində Quran, Fələstin bayraqları və ümidverici plakatlarla müqavimət mesajını nümayiş etdiriblər.
Yürüşdə uşaqlar, yeniyetmələr, gənclər, qadınlar və kişilər iştirak edib, Quran nüsxələri və Fələstin bayraqları daşıyıblar. Düşərgə sakinləri isə yol kənarından alqış və dualarla bu mənzərəni müşayiət ediblər. Beləcə, müharibədən zərər görmüş küçələr bir neçə saatlıq sükunət və həmrəylik məkanına çevrilib.

Quran hafizlərindən biri olan İbtisam Əbu Huidi, müharibə dövründə Quranı tam əzbərlədiyini bildirərək dedi: “Bombardman altında Quranı əzbərləmək asan deyildi, amma Quran mənim üçün ən çətin anlarda güc və sabitlik mənbəyi oldu.” O vurğuladı ki, Qurana bağlılıq ümidin qorunmasının yoludur. İbtisam həmçinin ümidini ifadə etdi ki, onun dörd övladı da Allahın kitabını əzbərləsin və Qəzza gənclərini Qurana bağlı qalmağa, xüsusilə indiki ağır şəraitdə onun üzərində düşünməyə çağırdı.
Hafizlərin valideynlərindən biri olan Müşirə Əbu Vutfa isə, uşaqların yoxsulluq və mühasirəyə baxmayaraq Quran hifz halqalarında iştirakını davam etdirdiyini qeyd edərək dedi: “Bu mərasim xalqın ruhunu yüksəltdi və onların Quranın fərdi və ictimai həyatda roluna olan imanını gücləndirdi.”
Mərasimin sonunda qadın və kişi hafizlərə fəxri lövhələr və rəmzi hədiyyələr təqdim olundu. Təşkilatçılar vurğuladılar ki, bu təşəbbüs Qəzzanın ağır şəraitində dini kimliyi və əxlaqi dəyərləri qorumaq üçün xalqın səylərinin bir hissəsidir.

Statistikaya görə, iki illik müharibə zamanı 835-dən çox məscid tamamilə, 180-dən çox məscid isə qismən dağıdılıb.
Sionist rejim 2023-cü il 8 oktyabrda ABŞ-ın dəstəyi ilə Qəzza zolağında soyqırımı başlatdı və bu müharibə iki il davam edərək təxminən 71 min fələstinlinin şəhid olması, 171 mindən çoxunun yaralanması və mülki infrastrukturun 90 faizinin dağıdılması ilə nəticələndi.
4325093