“İQNA”-nın “əl-Məyadin” telekanalına istinadla verdiyi xəbərə görə, Suriyanın Humu şəhərində baş vermiş son terror partlayışı nəticəsində çox sayda günahsız insanın şəhid olması və Colani rejiminin davam edən təzyiqləri fonunda, Suriyada və xaricdə Ələvilərin Ali İslam Şurasının sədri Şeyx Ğazal Ğazal dünən şəhərlərin və vilayətlərin meydanlarında ələvilərin sülh mitinqinə qatılması üçün çağırış edib.
Şeyx Ğazal Ğazal ələviləri bazar günü insani və sülhsevər nümayişlərdə iştirak etməyə və öz müqəddəratını təyin etmək hüququnu tələb etməyə dəvət edib.
O, video müraciətində deyib: “Bu gün yaşadığımız, bütün dünyanın gözü qarşısında bizə qarşı aparılan sistematik məhv müharibəsidir. Bu rejim (yəni Əbu Məhəmməd Colani rejimi) bizə və ibadətgahlarımıza qarşı heç bir cinayətdən çəkinməyib. Evimizdə qətliam olunur, övladlarımızı doyurmağa çalışdığımız üçün dolanışığımız məhv edilir.”
Suriyada Ələvilərin Ali İslam Şurasının sədri əlavə edib: “Kişilərimiz həbs olunur, qadınlarımız isə heç bir cavabdehlik olmadan qaçırılır. Bu gün baş verənlər, iradəmizi sındırmaq və zorla təslim etdirmək məqsədilə həyata keçirilən kimlik soyqırımının nümunəsidir.”
Şeyx Ğazal Ğazal beynəlxalq ictimaiyyətə və qərarvericilərə müraciətində xəbərdarlıq edib ki, bu cinayətlər qarşısında susmaq daha çox qətliamlara səbəb olacaq və bu vəziyyətin köklü və təcili həll yolları olmadan davam etməsi dağıntı və məhvi daha da dərinləşdirəcək.
O, bundan əvvəl də bəyan etmişdi ki, biz heç vaxt kimliyimizi qurban verən mərkəzləşdirilmiş siyasi İslam əmirliyini qəbul etməyəcəyik.
Şeyx Ğazal Ğazal, “əl-Məyadin” telekanalına müsahibəsində əlavə etmişdi: “Ələvi cəmiyyətinə qarşı edilən hər bir təcavüz cavabsız qalmayacaq və biz bu qarşısında susmayacağıq.”
4325444