“İQNA”-nın “əl-Məsraviy”ə istinadla verdiyi xəbərə görə, İtamar Ben-Qvirin rəhbərlik etdiyi sağçı “Otsma Yehudit” (Yəhudi Gücü) partiyası Knessetə layihə təqdim edib. Layihəyə əsasən, Fələstin məscidlərində səsgücləndiricilərdən ümumiyyətlə istifadə qadağan olunur və yalnız rəsmi icazə ilə mümkündür. Bu icazə səsin gücünü və yaşayış məntəqələrinə yaxınlığını ciddi şəkildə məhdudlaşdıracaq.
Layihəyə görə, icazəsiz səsgücləndiricilərdən istifadə qadağan ediləcək və polisə geniş səlahiyyətlər veriləcək. Bu səlahiyyətlərə dərhal dayandırma, avadanlıqların müsadirəsi və pozuntu halında on minlərlə şekelədək cərimələrin tətbiqi daxildir.
İsrailin daxili təhlükəsizlik naziri İtamar Ben-Qvir və Knessetin Milli Təhlükəsizlik Komitəsinin sədri Zvika Fogel iddia ediblər ki, bu layihə “icazəvermə və nəzarət üçün vahid sistem” tətbiq edir və məqsədi sakitlik yaratmaq, həyat keyfiyyətini yaxşılaşdırmaqdır.
Fələstin işğal olunmuş ərazilərində azanı məhdudlaşdırmaq və ya qadağan etmək cəhdləri yeni deyil. Ötən il də Ben-Qvir polisə məscidlərdən azanın səsgücləndirici ilə verilməsinin qarşısını almağı əmr etmiş və bu səsin yəhudi sakinlər üçün “narahatlıq” yaratdığını iddia etmişdi.
2017-ci ildə də oxşar bir layihə – azanın səsgücləndirici ilə verilməsinin qadağan olunması təklifi – Knessetdə birinci oxunuşdan keçmiş, lakin heç vaxt qanuna çevrilməmişdi.
Bu kontekstdə işğal olunmuş ərazilərdə yaşayan fələstinli vətəndaşlar Ben-Qvirin layihəsini pisləyib və azanın “səs-küy problemi” olduğu iddiasını rədd ediblər. Tənqidçilər deyirlər ki, bu qanun İsrail rejiminin fələstinlilərin dini və mədəni kimliyini silmək cəhdlərinin başqa bir nümunəsidir.
4325688