IQNA

İmam Cavadın (ə) mövludunun ildönümü münasibətilə Həzrət Abbas (ə) məqbərəsində keçirilən mərasim

0:20 - January 01, 2026
Xəbər sayı: 3499517
İQNA – Müqəddəs Həzrət Abbas (ə) məqbərəsi illik mərkəzi bayramını İmam Cavadın (ə) mövludunun ildönümü münasibətilə Kərbəla şəhərində təşkil edib.

“İQNA”-nın “Kəfil” beynəlxalq kanalının saytına istinadla verdiyi xəbərə görə, bu mərasim Həzrət Abbasın (ə) hərəminin “Bab əl-Qiblə” sahəsində keçirilib və Həzrət Abbas (ə) məqbərəsinin idarə heyətinin üzvü Əfzəl əş-Şami, bir sıra məsul şəxslər və çoxsaylı zəvvarlar iştirak ediblər. 

Mərasim Qurani-Kərimdən ayələrin tilavəti ilə başlanıb. Ardınca İraqın şiə ruhani alimlərindən Şeyx Əli Muahan Müqəddəs Həzrət Abbas (ə) məqbərəsinin mütəvəllisinin çıxışını təqdim edib. O, çıxışına iştirakçıları və İslam ümmətini Rəcəb ayında imamların mövlud günləri münasibətilə təbrik etməklə başlayıb. 

Şeyx Muahan nitqində İmam Cavadın (ə) həyatının müxtəlif cəhətlərinə, onun fəzilətlərinə və bu böyük imamın İslam dəyərlərinin möhkəmləndirilməsində, elmlərin, maarifin və İslam təlimlərinin yayılmasında oynadığı roluna toxunub. 

Həzrət Abbas (ə) məqbərəsinin bayram komitəsinin üzvü Seyid Əqil əl-Yəsiri bildirib: “Mərkəzi bayram tədbirlərinə müxtəlif proqramlar daxil idi – bayram çıxışları, şeirlər və bu mübarək münasibətə həsr olunmuş xüsusi ilahilər.” 

O əlavə edib: “Mərasim, Həzrət Abbas (ə) məqbərəsinin rəhbərliyi tərəfindən təşkil olunan və 10 iştirakçının qalib olduğu xüsusi elektron mədəni müsabiqənin qaliblərinin təltif olunması ilə başa çatdı.” 

Həzrət Abbas (ə) məqbərəsi dini münasibətlərdə Əhli-beyt imamlarının (əleyhimussalam) xatirəsini yaşadan mədəni, maarifləndirici və bayram tədbirlərinin keçirilməsinə xüsusi diqqət yetirir.

 

 

4326128

captcha