“İQNA”-nın “Ərəb 48”ə istinadla verdiyi xəbərə görə, Ümumdünya Kilsələr Şurasının rəsmilərindən biri bildirib: “Biz Avropa İttifaqından konkret addımlar atmağı tələb edən bir sıra siyasi təkliflər təqdim etmişik və açıq şəkildə mülki şəxsləri hədəf alan bütün hücumları pisləyirik.”
Şura Avropa İttifaqından, sionist rejimin Qəzza zolağında törətdiyi soyqırım müharibəsinə və İordan çayının qərb sahilində fələstinlilərin hüquqlarının pozulmasına görə, sanksiyalar, o cümlədən silah embarqosu tətbiq etməsini istəyib.
Ümumdünya Kilsələr Şurasının Fələstinlə qlobal həmrəylik üzrə yerli koordinatoru İskəndər Məclətun deyib: “Şura bölgədəki zorakılıq dövrü və böyük əzabdan dərin şəkildə sarsılıb.”
O əlavə edib: “Şuranın mövqeyi beynəlxalq hüquq və insan haqlarına əsaslanır və heç bir tərəddüd olmadan mülki şəxsləri hədəf alan bütün hücumları pisləyir.”
İskəndər Məclətun vurğulayıb: “Dünya Qəzza zolağında misilsiz bir humanitar fəlakətin şahididir. Minlərlə mülki şəxs, əsasən qadınlar və uşaqlar öldürülüb, demək olar ki, bütün əhali dağıntılar, aclıq və xəstəlik içində didərgin düşüb.”
O qeyd edib: “Qəzzadakı faciəli zorakılıq dövrü 2023-cü ilin oktyabrında başlamayıb, bu, onilliklərdir davam edən işğalın, Qəzzaya tətbiq olunan məcburi mühasirənin və sistematik bərabərsizliklərin nəticəsidir.”
Məclətun Cenevrədə Ümumdünya Kilsələr Şurasının nümayəndə heyəti ilə Avropa rəsmiləri arasında keçirilən son görüş barədə deyib: “Onlar Avropa İttifaqından sadəcə bəyanatlarla kifayətlənməməyi, Fələstin torpaqlarında baş verənlərlə bağlı konkret addımlar atmağı tələb edən bir sıra siyasi təkliflər təqdim etdilər.”
O əlavə edib: “Bu təkliflər Avropa İttifaqı ilə İsrail arasında Assosiasiya sazişinin dayandırılması, qeyri-qanuni məskunlaşma fəaliyyətlərində iştirak edən İsrail rəsmilərinə qarşı sanksiyaların tətbiqi və silah embarqosunu əhatə edir.”
Sionist rejimin Qəzzaya hücumlarında şəhidlərin sayı 71 mini, yaralıların sayı isə 171 mini keçib. Bundan əlavə, mülki infrastrukturların 90 faizi dağıdılıb və BMT-nin hesablamalarına görə, onların bərpa xərci təxminən 70 milyard dollar təşkil edir.
4326231