“İQNA”-nın İraqın rəsmi xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Kərbala valisi Nəsif əl-Xətabi mətbuat konfransında Kərbalayi Müəllada Nimeyi-Şəban ziyarətinin uğurla təşkil olunduğunu qeyd edərək bildirib ki, şəhərdə altı milyondan çox zəvvar olub.
Əl‑Xətabi əlavə edib ki, Nimeyi-Şəban mərasimi zamanı həyata keçirilən təhlükəsizlik və xidmət tədbirləri tam şəkildə və heç bir pozuntu olmadan icra olunub. Bu isə yüksək səviyyəli təşkilatçılığın və zəvvarların təhlükəsizliyini və sağlamlığını təmin etmək üçün görülən səylərin göstəricisidir.
O, İmam Hüseyn (ə) və Həzrət Abbas (ə) hərəmlərinə, Silahlı Qüvvələrin Baş Komandanına, Müdafiə və Daxili İşlər Nazirliklərinə, Baş Qərargah rəisinə, Həşdüş-Şəbi qüvvələrinə və təhlükəsizlik planının icrasında iştirak edən digər bütün təhlükəsizlik qurumlarına təşəkkür edib.
Vali qeyd edib ki, təhlükəsizlik planı Kərbala Əməliyyatlar Komandanlığı tərəfindən Müdafiə və Daxili İşlər Nazirlikləri, eləcə də Həşdüş‑Şəbi qüvvələri ilə koordinasiya şəraitində və bütün aidiyyəti qurumların fəal iştirakı ilə hazırlanıb.
Kərbala valisi həmçinin bu mərasimin uğurla keçirilməsində rol oynayan bütün qurumlara təşəkkür edərək, əldə olunan nəticəni onların yaxşı koordinasiya və əməkdaşlığının bəhrəsi adlandırıb.
O əlavə edib ki, milyonlarla zəvvarı qəbul etdikdən sonra vilayət onların planlı şəkildə geri dönüş prosesini də uğurla başa çatdırıb.
Vali bildirib ki, eyni zamanda Kərbala bələdiyyələri tərəfindən küçə və səkilərin abadlaşdırılması üçün genişmiqyaslı kampaniya başlanıb ki, şəhər öz müqəddəsliyinə və mənəvi dəyərinə uyğun vəziyyətinə qaytarılsın.
Digər tərəfdən, Kütləvi Ziyarətlər üzrə Ali Təhlükəsizlik Komitəsi vurğulayıb ki, Nimeyi-Şəban ziyarəti üçün hazırlanan plan böyük uğurla icra olunub və Kərbala vilayəti İraqın daxilindən və xaricindən gələn milyonlarla zəvvarı qəbul edib.
4332472