“İQNA-nın Müqəddəs İmam Hüseyn (ə) Hərəminin xəbər portalına istinadən verdiyi məlumata görə, Ayətullah Sistaninin İraqdakı nümayəndəsi Şeyx Əbdülməhdi Kərbəlai QR texnologiyası ilə Qurani‑kərim layihəsinə nəzarət edən beynəlxalq komitə ilə görüşündə bildirib ki, bu gün dünya media və sosial şəbəkələrin genişlənməsi səbəbilə artan fikri və mədəni çağırışlarla üz-üzədir. Bu vəziyyət Qurani‑kərim maarifinin gücləndirilməsini və İslam həyat tərzinin nəsillər arasında möhkəmləndirilməsini ikiqat zəruri edir.
O, Qurani‑kərimin düzgün oxunmasının əhəmiyyətinə toxunaraq, təcvid və tərtil təliminin qəlbləri Qurana cəlb edən mühüm amil olduğunu bildirib və əlavə edib:
“Qurani‑kərimi düzgün oxumaqdan sonra ayələrin məna və məfhumlarını anlamaq – həyat üçün yol göstərici kimi – xüsusi əhəmiyyət daşıyır.”
Şeyx Kərbəlai Qurani‑kərimi “hidayətin hərtərəfli kitabı” adlandıraraq qeyd edib ki, o, insanı həyatın bütün sahələrində istiqamətləndirir və bəndəliyin ali məqsədini açıqlayır.
Ali mərcəiyyətin nümayəndəsi Qurana xidmət sahəsində görülən işləri, xüsusilə gənclər arasında Qurani fəaliyyətlərin genişləndirilməsini yüksək qiymətləndirərək, layihələrin nəticələrinin Afrika ölkələri və İndoneziya da daxil olmaqla İslam cəmiyyətlərinə ötürülməsi üçün əməkdaşlığın artırılmasının vacibliyini vurğulayıb.
O həmçinin Müqəddəs İmam Hüseyn (ə) hərəminin fəaliyyətlərinə toxunaraq deyib: “Bu mübarək hərəm uşaqlar, yeniyetmələr və gənclər üçün Quran kurslarının təşkili, hifz və təcvid sahəsində istedadların aşkara çıxarılması, eləcə də müxtəlif İslam ölkələrində Qurani elmlər üzrə tədris müəssisələrinin təsisində fəal rol oynayıb.”
Sonda Şeyx Əbdülməhdî Kərbəlai qeyd edib: “Qurana xidmət daimi bir vəzifədir. Mömin heç vaxt bir mərhələdə dayanmaz; o, daim irəliləməyə, daha çox çalışmağa səy göstərər ki, Qurani‑kərimin mesajı və təlimləri şərqdən qərbə bütün dünyaya yayılsın.”
4334049