IQNA

Türkiyə, Sinqapur və Oman ölkələrində Ramazan ayının başlanmasının rəsmi elan edilməsi

15:09 - February 15, 2026
Xəbər sayı: 3499747
İQNA – Türkiyə, Sinqapur və Oman ölkələri rəsmi şəkildə cümə axşamı — 19 fevralı Mübarək Ramazan ayının ilk günü elan ediblər.

“İQNA”-nın “Əl-Suməriyyə Nyuz” xəbər portalına istinadən verdiyi məlumata görə, bu üç ölkə astronomik hesablamalara əsaslanaraq bildirib ki, Ramazan hilalının çərşənbə axşamı axşamı müşahidəsi mümkün deyil və onun çərşənbə günü axşamı çılpaq gözlə görünməsi təsdiqlənəcək.

Türkiyə hicri-qəməri aylarının başlanmasını müəyyənləşdirməkdə əvvəlcədən aparılmış astronomik hesablamalara əsaslanır və hilalın müşahidəsini də bu hesablamalara daxil edir.

Bu ölkə yeni qəməri ayın başlanmasını o zaman elan edir ki, aparılan hesablamalara görə, hilalın çılpaq gözlə və ya teleskopla Türkiyə ilə gecənin bir hissəsini paylaşan dünyanın istənilən nöqtəsindən görünməsi mümkün olsun. Bu əhatə dairəsinə bütün ərəb və islam ölkələri, Atlantik okeanı, Şimali və Cənubi Amerikanın böyük bir hissəsi daxildir.

Türkiyə Diyanət İşləri Başqanlığının astronomik hesablamaları göstərib ki, 17 fevral çərşənbə axşamı hilal nə ərəb və islam ölkələrindən, nə də Amerika qitəsindən görünə bilər. Buna görə də Türkiyə 19 fevral cümə axşamını Ramazan ayının ilk günü kimi müəyyən edib.

Sinqapur İslam İşləri Şurası da ölkə daxilində hilalın müşahidə imkanını müəyyənləşdirmək üçün əvvəlcədən aparılmış astronomik hesablamalara əsaslanır. Çərşənbə axşamı günü ayın günəşdən əvvəl batması səbəbilə hilalın Sinqapurda görünməsi mümkün olmadığından, bu ölkə də 19 fevral cümə axşamını Ramazanın başlanğıcı elan edib.

Beləliklə, Ramazan ayının başlanma tarixini rəsmi şəkildə elan etmiş ölkələr — Sinqapur, Türkiyə və Oman — hamısı 19 fevral cümə axşamını Mübarək Ramazan ayının ilk günü kimi açıqlayıblar.

4334220

Teqlər: türkiyə ، ramazan ayı ، oman ، sinqapur
captcha