IQNA

Quterreş: Ramazan sülhü, şəfqəti və əzabkeşlərə yardım etməyi xatırladır

9:48 - February 16, 2026
Xəbər sayı: 3499752
İQNA – BMT-nin Baş katibi müqəddəs Ramazan ayının başlanğıcı ərəfəsində yaydığı mesajda bildirdi ki, bu ay düşünmək, dua etmək və sülh üçün ümidləri yeniləmək zamanıdır. Bununla belə, dünyanın müxtəlif bölgələrində milyonlarla insan hələ də müharibə, aclıq, didərginlik və ayrı-seçkiliklə mübarizə aparır.

“İQNA”-nın məlumatına görə, BMT Baş katibi Antonio Quterreş mesajında Əfqanıstan, Yəmən, Qəzza və Sudan kimi ölkələrdə insanların ağır vəziyyətinə toxunaraq qeyd edib ki, davam edən böhranlar mülki əhalinin həyatını son dərəcə həssas və təhlükəli duruma salıb. Onun sözlərinə görə, davamlı qarşıdurmalar və məhdudiyyətlər bir çox ailələri ən əsas hüquq və insani ehtiyaclardan məhrum edib.

BMT Baş katibi dünya liderlərini və beynəlxalq ictimaiyyəti Ramazan ayının əbədi mesajına qulaq asmağa, məsafələri azaltmağa və ehtiyacı olanlara yardım üçün əməli addımlar atmağa çağırdı. O vurğuladı ki, insan ləyaqətinin qorunması və hər bir fərdin fundamental hüquqlarının təmin edilməsi prioritet olmalıdır.

Quterreş həmçinin xatırladıb ki, o, hər il həmrəylik çərçivəsində müsəlman icmalarından birini ziyarət edir və onlarla birlikdə oruc tutur. O bildirib ki, hər dəfə “Ramazanın gətirdiyi sülh və şəfqət ruhu ilə dolu bir qəlblə” geri qayıdır.

BMT Baş katibi sonda ümidvar olduğunu bildirib ki, bu mübarək ay bütün insanlar üçün “daha sülhpərvər, daha səxavətli və daha ədalətli bir dünya” qurmaq naminə birgə əməkdaşlığa ilham verəcək və mesajını “mübarək Ramazan” sözləri ilə tamamlayıb.

4334368

captcha