IQNA

Səudiyyə Ərəbistanının İslam İşləri Nazirliyi: Məsciddə yer saxlamaq caiz deyil

0:55 - February 17, 2026
Xəbər sayı: 3499761
İQNA – Səudiyyə Ərəbistanının İslam İşləri Nazirliyi yayımladığı bir təlimatda vurğulayıb: namazqılanlara elan edilməlidir ki, məsciddə “yer saxlamaq” caiz deyil, çünki hər bir məkan üçün daha layiqli olan, ora daha tez çatan şəxsdir. Həmçinin imam və məsul şəxslərə tapşırılıb ki, yer saxlamaq məqsədilə qoyulan hər cür səccadə və ya digər əşyaları yığışdırsınlar.

“İQNA”-nın “Əkkaz”a istinadən verdiyi xəbərə görə, Nazirlik təlimatında bildirib ki, bəzi namazqılanların səccadə, əsə və ya buna bənzər əşyalar qoyaraq birinci səflərdə və ya digər hissələrdə yer saxlamağa çalışdığı müşahidə olunub. Bu davranış “əziyyət vermək” sayılır və namaza daha tez gələnlərin haqqına təcavüzdür; çünki onları imama yaxınlaşmaqdan məhrum edir. Nazirlik əlavə edib ki, bu əməli qadağan etmək alimlər arasında ittifaqla qəbul olunmuşdur.

Bu mövzuda bəzi rəvayətlərə istinad edilib və deyilir: “Cümə günü və ya başqa vaxtlarda insanların çoxunun etdiyi kimi, özləri məscidə gəlməzdən əvvəl altlıq və ya səccadə göndərmək, müsəlmanların ittifaqı ilə qadağandır, hətta haramdır.” Belə şəxsin namazının düzgünlüyü barədə alimlər arasında iki rəy mövcuddur; çünki o, səccadəni sərməklə məscidin bir hissəsini qəsb etmiş və ondan əvvəl gələn digər namazqılanların həmin yerdə namaz qılmasına mane olmuşdur. Halbuki şəriət buyurur ki, insan özü tez gəlib məsciddə yerini tutsun. Buna görə də altlıq göndərib gec gələn şəxs iki yöndən şəriətə zidd davranmış olur: həm gecikməklə, həm də məscidin bir hissəsini qəsb edib tez gələnlərin birinci səfləri tamamlamasına mane olmaqla. Üstəlik, məscidə gələndə insanların arasından keçməyə məcbur olur.

Nazirlik məsciddə yer saxlamaq üçün qoyulan hər cür əşyanın yığışdırılmasını vacib sayıb və bunu “münkər” və qəsb xarakterli bir davranış adlandırıb. Təlimatın sonunda qeyd olunub ki, bu əmrin icrasında diqqətli olmaq lazımdır ki, daha böyük bir münkərə səbəb olmasın.

4334483

Teqlər: ərəbistan ، məscid ، İslam ، namaz
captcha