IQNA

Səudiyyə Ərəbistanının Quran müsabiqəsində iştirakçılarla ağıllı robotun qarşılıqlı əlaqəsi

1:11 - February 17, 2026
Xəbər sayı: 3499763
İQNA – Süni intellektlə işləyən bir robot 95 dildə danışmaq qabiliyyəti ilə Səudiyyə Ərəbistanının ümummilli Quran müsabiqəsinin iştirakçılarına məlumat və proqram cədvəllərini göndərir və onların mümkün suallarını cavablandırır.

“İQNA”-nın “Əl-yəvm”ə istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanının İslam İşləri, Təbliğ və İrşad Nazirliyi bu ölkənin İslam İşləri naziri Şeyx Əbdüllətif bin Əbdüləziz Al-Şeyxin göstərişləri əsasında süni intellektlə işləyən robotik sistemi 27-ci Kral Əbdüləziz Qurani-Kərimin hifzi, tilavəti və təfsiri üzrə ümummilli müsabiqədə iştirak edən qadın və kişi namizədlərə xidmət üçün istifadəyə verib.

Bu robot müsabiqə haqqında geniş məlumat təqdim edir: iştirakçıların sayı, ümumi dəyəri 7 milyon Səudiyyə rialı olan mükafatlar və yarışın müxtəlif bölmələri. Robot bu məlumatları iştirakçıların WhatsApp hesablarına göndərir.

Robot həmçinin 95 dünya dilində iştirakçılarla ünsiyyət qurmaq qabiliyyətinə malikdir. Bu texnologiyanın istifadəsi Səudiyyə Ərəbistanı İslam İşləri Nazirliyinin Qurani-Kərimə xidmət etmək və iştirakçıların təcrübəsini Səudiyyə Ərəbistanının 2030 vizyonuna uyğun şəkildə yüksəltmək üçün ən müasir süni intellekt imkanlarından yararlanmaq səylərini əks etdirir.

Qeyd edək ki, müsabiqənin final mərhələsi cümə axşamı, 24 bəhmən — Səudiyyə təqvimi ilə 25 Şəban 1447-ci ildə — başlayıb və münsiflər heyəti altı yarış sahəsi üzrə iştirakçıların tilavətlərini qiymətləndirib.

Bu yarışmada 129 qadın və kişi iştirak edir və müsabiqə Şəban ayının 29-dək davam edəcək.

4334501

captcha