“İQNA”-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, İngiltərədə müsəlmanlarla həmrəylik nümayiş etdirmək məqsədilə 12 yaşlı autizmli bir ingilis oğlan, ölkədə sağçı ekstremist tərəfindən törədilən nifrət cinayətindən sonra atası ilə birlikdə ölkə üzrə məscidlərdə tort paylama kampaniyasına başlayıb.
Müsəlmanlara qarşı bu nifrət cinayəti ötən il İngiltərənin Piterboro şəhərində sağçı bir ekstremist tərəfindən bir məsciddə törədilmişdi və bu hadisə nitq qüsuru və autizmi olan Coşua adlı uşağın rəhbərlik etdiyi xeyriyyə kampaniyasına səbəb olub.
Məlumata görə, ata və oğulun başladığı bu xeyriyyə kampaniyası çərçivəsində onlar 60-dan çox məscidi ziyarət edib, namazqılanlarla görüşüb və tort paylayıblar. Onların növbəti hədəfi Türkiyədəki məscidləri ziyarət etməkdir.
2025-ci ilin oktyabrında Aleksandr Huper adlı sağçı ekstremist Piterborodakı bir məscidə daxil olmuş, dəstəmaz alan şəxslərin yanında oturmuş və İslam və müsəlmanlara qarşı təhqiramiz ifadələr işlətmişdi.
Namazqılanların xəbər verməsindən sonra polis hadisə yerinə çatmışdı. 57 yaşlı Huperi məsciddən çıxarmağa çalışan qadın polis əməkdaşı ilə onun arasında mübahisə yaranmış və polis onu həbs etməyə nail olmuşdu.
Bu hadisə İngiltərədə sağçı qruplar tərəfindən törədilən nifrət və zorakılıq aktlarının artmasının nümunəsi kimi qiymətləndirilir.
Hadisədən sonra yerli sakinlərdən biri olan Den Harris 12 yaşlı oğlu Coşua ilə birlikdə həmin məscidi ziyarət etməyə qərar verib ki, müsəlmanlara dəstək göstərsin və onların tək olmadığını bildirsin.
4335120