IQNA

İnqilab Rəhbərinin Seyid Əmmar Həkimin cəsarətli mövqelərinə təşəkkürü

14:36 - April 01, 2026
Xəbər sayı: 3500057
İQNA – İran İslam İnqilabının Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xamenei xüsusi bir mesajda, İrana qarşı sionist rejim və ABŞ-ın təcavüzkar addımlarını qınadığı üçün İraqın Milli Hikmət Cərəyanının lideri Seyid Əmmar Həkimin səmimi və cəsarətli mövqelərinə təşəkkür edib.

“İQNA”-nın İraq Milli Hikmət Cərəyanının media ofisinə istinadən verdiyi məlumata əsasən, Ali Rəhbərin yazılı mesajı İranın Bağdaddakı səfiri Məhəmməd Kazım Ali Sadiq və səfirliyin mədəni müşaviri tərəfindən Seyid Əmmar Həkimlə görüş zamanı ona təqdim olunub.

Mesajda İranın Ali Rəhbəri Seyid Əmmar Həkimin son hadisələrə dair səmimi və cəsarətli mövqelərinə, həmçinin onun həmrəylik və başsağlığı ifadələrinə görə təşəkkür edib və onun İranı dəstəkləməkdə oynadığı mühüm rolu vurğulayıb.

Görüşdə İran İslam Respublikası ilə İraq arasındakı ikitərəfli münasibətlər və iki xalq arasındakı əlaqələr müzakirə olunub.

Seyid Əmmar Həkim də bir daha İran İslam Respublikasına qarşı təcavüzü pisləyib, müharibənin dayandırılmasını və bölgəyə sabitliyin qayıtmasını tələb edib, gərginliyin artmasının regional və beynəlxalq sülh və təhlükəsizlik üçün yaratdığı təhlükələr barədə xəbərdarlıq edib.

Milli Hikmət Cərəyanının lideri həmçinin İraq xalqının ali dini mərcəiyyətin çağırışına cavab olaraq İran və Livan xalqına yardım toplamaq və humanitar kampaniyalar keçirməkdə göstərdiyi geniş dəstəyi yüksək qiymətləndirib və bildirib ki, İraq xalqı dost və qonşu xalqlarla həmrəylik və birliyin nümunəsini ortaya qoyub.

Görüşün sonunda İran səfiri Ali Rəhbərin xüsusi mesajını Seyid Əmmar Həkimə təqdim edib. Mesajda onun mövqelərinə görə təşəkkür edildiyi və Ali Rəhbərin şəhadəti, eləcə də İranın tanınmış simalarının şəhadəti münasibətilə bildirdiyi həmrəyliyə görə minnətdarlıq ifadə olunduğu qeyd edilib.

Sionist rejim və ABŞ-ın İran İslam Respublikasına qarşı təcavüzkar hücumları başladıqdan sonra İraqdakı bir çox mərcəyi-təqlid alimləri işğalçılara qarşı cihad fətvası verərək İran İslam Respublikasını dəstəklədiklərini bəyan ediblər.

Bu çərçivədə İraq xalqı da müxtəlif şəhərlərdə mitinqlər keçirərək İrana qarşı təcavüzü pisləyib və İran dövləti, xalqı və silahlı qüvvələrinə dəstəyini vurğulayıb.

İraq hökuməti dəfələrlə bu hücumları pisləyərək bildirib ki, öz ərazisindən İrana qarşı hər hansı təcavüzə icazə verməyəcək.

4343550  

captcha