IQNA

Tatarıstanda maliyyə əməliyyatlarının İslam şəriəti prinsiplərinə uyğunluğu komitəsinin yaradılması

10:55 - June 01, 2026
Xəbər sayı: 3500455
İQNA – Tatarıstan Müsəlmanları Dini İdarəsi, bu respublikanın Alimlər Şurasının nəzdində “İslam Maliyyəsi üzrə Şəriət Komitəsi”nin yaradılmasını təsdiq edib.

“İQNA”-nın Tatarıstan Müsəlmanları Dini İdarəsinə istinadən verdiyi xəbərə görə, Rusiyada artan İslam iqtisadiyyatının mövcudluğunu əks etdirən institusional tədbir çərçivəsində Tatarıstan Müsəlmanları Dini İdarəsi “İslam Maliyyəsi üzrə Şəriət Komitəsi”nin Alimlər Şurasının nəzdində yaradılmasını nəzərdə tutan qərar qəbul edib.

Bu komitənin məqsədi İslam maliyyə məhsullarını təsdiq etmək və yoxlamaq, habelə bu sahədə fəaliyyət göstərən maliyyə institutlarının şəriət auditini həyata keçirməkdir. Bununla da şəriətə uyğun məhsullara inamı artırmaq və onların ölkə daxilində tətbiqini standartlaşdırmaq nəzərdə tutulur.

Bu qərar Tatarıstan Müsəlmanları Dini İdarəsinin Baş Məclisinin iclasında Rəyasət Heyəti üzvlərinin, şəriət qazilərinin və camaat imamlarının iştirakı ilə qəbul edilib. Komitə, halal sektorundakı akkreditasiya orqanlarına bənzər şəkildə, maliyyə məhsullarının və bank müqavilələrinin İslam qaydalarına uyğunluğunu qiymətləndirmək üçün ixtisaslaşmış şəriət orqanı kimi yaradılıb.

Komitənin əsas vəzifələrinə aşağıdakılar daxildir: maliyyə məhsullarının və müştəri müqavilələrinin şəriətə uyğunluq yoxlamasının aparılması; onların İslam prinsiplərinə uyğunluğu barədə fətva və şəriət rəylərinin verilməsi; yeni İslam maliyyə məhsullarının hazırlanması; Rusiyada İslam maliyyə bazarında iştirak edən maliyyə institutlarının fəaliyyətinə müstəqil şəriət auditinin həyata keçirilməsi.

Tatarıstan Müsəlmanları Dini İdarəsi izah edib ki, komitə öz işində İslam Maliyyə Qurumları üçün Mühasibatlıq və Audit Təşkilatının (AAOIFI) standartlarına – beynəlxalq səviyyədə İslam maliyyə standartlarının müəyyən edilməsində aparıcı qurumlardan birinə – əməl edəcək. Komitənin yaradılması Malayziya, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanında həyata keçirilmiş oxşar təcrübələrə əsaslanır.

Gözlənilir ki, bu komitənin yaradılması İslam maliyyə məhsullarına inamın artmasına, onlar üçün vahid standartların yaradılmasına və Tatarıstanın Rusiyada İslam iqtisadiyyatı və müsəlman icmasının aparıcı mərkəzlərindən biri kimi mövqeyinin güclənməsinə kömək edəcək.

4355333

captcha