IQNA

Müsəlman Ağsaqqallar Şurası Məscidül-Əqsada sionist bayraqlarının qaldırılmasını pislədi

11:53 - June 02, 2026
Xəbər sayı: 3500460
İQNA – Müsəlman Ağsaqqallar Şurası yaydığı bəyanatla sionist köçkünlərin Məscidül-Əqsaya basqın etməsini və işğalçı İsrail bayraqlarını məscidin həyətlərində qaldırmasını pisləyib.

“İQNA”-nın "əl-Xəlic"ə istinadən verdiyi xəbərə görə, Müsəlman Ağsaqqallar Şurası işğalçı rejim polisinin himayəsi altında həyata keçirilən bu hərəkəti şiddətlə pisləyib və Qüdsün və Məscidül-Əqsanın dini, tarixi və hüquqi statusunu dəyişdirməyi hədəfləyən bu təcavüzlərin qəti şəkildə rədd edildiyini vurğulayıb.

Şura, Məscidül-Əqsanın bütün ərazisinin yalnız müsəlmanların ibadət yeri olduğunu qeyd edərək, bu cür təxribatçı və ifratçı pozuntuları, habelə Məscidül-Əqsanın statusunu dəyişdirmək məqsədi daşıyan bütün tədbir və cəhdləri qəti şəkildə rədd etdiyini vurğulayıb.

Müsəlman Ağsaqqallar Şurası beynəlxalq ictimaiyyəti İslam müqəddəsləri qarşısında mənəvi və hüquqi məsuliyyətlərini yerinə yetirməyə və Qüdsə və Məscidül-Əqsaya qarşı təkrarlanan hücumları dayandırmaq üçün təcili və qəti tədbirlər görməyə çağırıb.

Bu İslam qurumu bu cür sistematik təcavüzlərin davam etməsinin regionun təhlükəsizliyi və sabitliyi üçün ciddi nəticələri barədə xəbərdarlıq edib və Fələstin məsələsinə ədalətli və hərtərəfli həll tapmaq, yetmiş ildən çoxdur davam edən Fələstin xalqının əzabına son qoymaq və onların müqəddəs Qüds şəhəri paytaxt olmaqla müstəqil dövlət qurmaq haqqını tanımaq üçün təcili səy göstərilməsi çağırışını təkrar edib.

Sionist köçkünlərdən ibarət ifratçı qruplar dünən səhər (31 may) Məscidül-Əqsa həyətinə basqın edərək orada öz ifratçı dini mərasimlərini keçiriblər.

Bu münasibətlə, Qüds qubernatorluğu köçkünlərin Məscidül-Əqsaya basqın edərək İsrail bayraqlarını Qübbətüs-Saxra yaxınlığında qaldırdıqlarını bildirib.

Fələstinin rəsmi xəbər agentliyi "Vəfa" da bu hücumun sionist rejim polisinin himayəsi altında həyata keçirildiyini təsdiqləyib.

4355554

captcha