IQNA

Mərakeşdə Quran hafizlərinin yürüşü

15:18 - July 22, 2026
Xəbər sayı: 3500810
İQNA – Mərakeşin Tiflet şəhərində şagirdlərin Qurani-Kərimi tam əzbərləməsini qeyd etmək münasibətilə möhtəşəm Quran hafizləri yürüşü keçirilib.

“İQNA”-nın “tifeltpress”-ə istinadən verdiyi məlumata görə, tədbir bazar ertəsi, 20 iyul tarixində mənəvi və təntənəli ab-havada, dini və yerli rəsmilərin, eləcə də Tiflet sakinlərinin iştirakı ilə təşkil olunub. Mərasim Həzrət Peyğəmbərin (s) mövludunun 15 əsrinin tamam olması münasibətilə “Həqiqətən, Zikri (Quranı) Biz nazil etdik və onu qoruyacaq da Bizik” (İnnə nəhnü nəzzəlnəz-zikrə və innə ləhu ləhafizun) şüarı altında keçirilib.

Tifletdəki Qüds məscidinə bağlı Quran məktəbi tədbirin təşkilində Xəmisət Yerli Alimlər Şurası, Mərakeşin Vəqflər və İslam İşləri Nazirliyinin yerli nümayəndəliyi, eləcə də yerli və təhlükəsizlik qurumları ilə əməkdaşlıq edib. Yürüş Tiflet bələdiyyəsinin binasından başlayaraq Qüds məscidinə qədər davam edib.

Yüksək mənəvi ovqat yaradan bu tədbir küçələrə toplaşaraq bu xüsusi dini hadisəni izləyən şəhər sakinləri tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Quran karvanına marşrut boyunca təhlükəsizliyi təmin edən Milli Təhlükəsizlik Qüvvələri rəhbərlik edib, yardımçı təhlükəsizlik qüvvələri isə nəqliyyatın hərəkətini tənzimləyiblər.

Yürüş zamanı iştirakçılar dini ilahiləri və Həzrət Peyğəmbərə (s) mədhiyyələri səsləndirərək mənəvi bir ab-hava yaradıblar. Təltif olunan şagirdlər isə ənənəvi Mərakeş geyimlərində, at belində və əllərində Quran lövhələri ilə yürüşdə iştirak ediblər. Bu mənzərə Mərakeşin qədim Quran məktəblərinin zəngin irsini xatırladaraq, Qurani-Kərimin hifzinə verilən dəyəri və gənclərin onu öyrənməyə və əzbərləməyə həvəsləndirilməsini nümayiş etdirib.

Quran hafizlərinin yürüşü Mərakeşdə hər il keçirilən ənənəvi tədbirlərdən biridir. Bu tədbir Quran məktəblərinin cəmiyyətdəki mövqeyini daha da möhkəmləndirir, onların İslam prinsipləri əsasında nəsillərin tərbiyəsində, Qurani-Kərimin qorunub saxlanılmasında, eləcə də mötədillik və dözümlülük dəyərlərinin yayılmasında mühüm rolunu ön plana çıxarır.

 

4365297

Teqlər: mərakeş ، quran ، hafiz ، yürüş
captcha