İQNA –Səudiyyə Ərəbistanı Məscidül-Həramda sıxlığı azaltmaq məqsədilə ümrə ziyarətçiləri üçün yeni tədbirlər görüb.
"İQNA"nın "Thepakistanconnect"-ə istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı rəsmiləri ümrə zəvvarlarının Məscidül-Həramda izdihamlı saatlardan qaçması və ibadətlərini daha rahat yerinə yetirə bilməsi üçün yeni göstərişlər veriblər.
Məlumata görə, zəvvarlara Məscidül-Hərama getməzdən əvvəl sıxlıq vəziyyətini yoxlamaları və öz gəliş vaxtlarını sıxlığa əsasən tənzimləmələri tövsiyə olunub.
Səudiyyə Ərəbistanının İki Müqəddəs Məscidin İşləri üzrə Baş İdarəsi bildirib ki, izdiham səviyyəsi günün müxtəlif saatlarında dəyişir.
Səudiyyə rəsmiləri vurğulayıblar ki, daha az sıx olan saatları planlaşdırmaq zəvvarlar üçün təvaf, Səfa və Mərvə səyi və digər ibadətlərin yerinə yetirilməsini daha da asanlaşdırır.
Məsul şəxslərin açıqlamasına görə, adətən axşam saat 10-dan səhər saat 4-ə qədər, həmçinin səhər saat 9-dan günorta saat 4-ə qədər olan aralıqda sıxlıq daha az olur. Bu saatlar zəvvarların hərəkəti üçün daha geniş məkan təmin edir.
Həmçinin izdiham səviyyəsi adətən səhər saat 5 ilə 8 arasında orta səviyyədə olur, Məscidül-Həramın ən sıx olduğu saatlar isə axşam saat 5-dən 9-a qədərdir.
Zəvvarlara tövsiyə olunur ki, mümkün olduqda pik (sıxlıq) saatlarından qaçsınlar və Məscidül-Hərama getmək üçün daha az sıx olan saatları seçsinlər.
Səudiyyə rəsmiləri, həmçinin zəvvarlardan Məscidül-Həramla bağlı rəqəmsal xidmətlərdən istifadə etməyi xahiş ediblər. Zəvvarlar ziyarətə getməzdən əvvəl sıxlıq dərəcəsini yoxlaya və gəlişləri üçün daha uyğun vaxt seçə bilərlər.
Bu xidmətlər izdihamı azaltmaq və Məscidül-Həramın daxilində hərəkəti asanlaşdırmaq məqsədilə təqdim olunub.
Məlumata əsasən, cari ümrə mövsümünün ilk ay yarımında 920 min 500 ümrə zəvvarı Səudiyyə Ərəbistanına daxil olub.
4369989