İQNA – Katoliklərin ruhani rəhbəri Papa Leo, işğal altındakı İordan çayının Qərb sahilində fələstinli mülki əhaliyə qarşı zorakılığın artmasından dərin narahatlıq ifadə edərək, beynəlxalq ictimaiyyəti iki dövlətli həll yolunun irəli aparılması və ədalətli, davamlı sülhün təmin olunması üçün addımlar atmağa çağırıb.
“İQNA”-nın Reuters-ə istinadən verdiyi xəbərə görə, Papa Leo bazar günü Qərb sahilində fələstinli mülki əhaliyə qarşı zorakılıqların dayandırılmasını tələb edib. Son günlər bu bölgə sionist məskunlaşanların hücumlarının artması və gərginliyin yüksəlməsi ilə gündəmdədir.
Papa Leo, Romaya yaxın Kastel Qandolfo iqamətgahında keçirilən dini ayindən sonra belə deyib: “Bir daha Qərb sahilində fələstinli mülki əhaliyə qarşı təkrarlanan zorakılıqların dayandırılmasını tələb edirəm.”
O, həmçinin beynəlxalq ictimaiyyəti iki dövlətli həll yolunun irəli aparılması üçün hərəkətə keçməyə çağırıb və bu yolun “ədalətli və davamlı sülhün” əsasını qoya biləcəyini vurğulayıb.
Bu açıqlamalar, Qərb sahilində yerləşən Qusra kəndində fələstinlilərin evlərinin su və elektrik kəsilərək mühasirəyə alınması fonunda səslənib. Hüquq müdafiəçiləri bu addımları məskunlaşanların daha çox torpaq ələ keçirmək və nəzarət bölgələrini genişləndirmək üçün təşkilatlanmış cəhdin bir hissəsi kimi qiymətləndirirlər.
Vatikan uzun illərdir müstəqil Fələstin dövlətinin yaradılmasını dəstəkləyir. BMT-nin 193 üzvündən 150-dən çoxu Fələstin dövlətini tanıyıb; bu dövlət Qəzza zolağı və Qərb sahilini, o cümlədən Şərqi Qüdsü əhatə edir.
4370104