İQNA – İmam Həsən Əsgərinin (ə) şəhadət gecəsi mərasimi avqustun 20-də (cümə axşamı) çoxsaylı zəvvarların iştirakı ilə Samirra şəhərindəki Əsgəriyyəyn (ə) ziyarətgahında keçirilib.
“İQNA”-nın "Kəfil" xəbər şəbəkəsinə istinadən verdiyi məlumata görə, ötən gecə Samara şəhəri İmam Həsən Əsgərinin (ə) şəhadət ildönümü ilə əlaqədar böyük bir zəvvar izdihamına şahidlik edib. Bununla bağlı ziyarətgaha gedən yollarda bu münasibəti qeyd etmək üçün gələn zəvvarlara xidmət göstərmək məqsədilə xidməti dəstələr və "mövkəb"lər qurulub.
Zəvvarlar bu mərasimdə İmam Həsən Əsgərinin (ə) şəhadəti münasibətilə matəm saxlayıb, əzadarlıq edib, onun ətirli həyat yolunu, dini və tarixi mövqeyini, eləcə də başına gələn məzlumiyyətləri yad ediblər.
Bu istiqamətdə Abbas (ə) Müqəddəs Ziyarətgahı da öz xidmətçilərinin və əməkdaşlarının bir qismini zəvvarlara xidmət etmək və onların ehtiyaclarını təmin etmək üçün səfərbər edib.
Samirrada kompleks təhlükəsizlik və xidmət planı
Bununla əlaqədar, Əsgəriyyəyn (ə) Müqəddəs Ziyarətgahının rəhbərliyi ziyarət üçün xüsusi kompleks təhlükəsizlik və xidmət planının icrasına başlanıldığını elan edib və zəvvarların təhlükəsiz hərəkətini təmin etmək və onlara lazımi xidmətlər göstərmək üçün aidiyyəti qurumlarla səylərin əlaqələndirilməsinin vacibliyini vurğulayıb.
Əsgəriyyəyn (ə) Müqəddəs Ziyarətgahında milyonluq ziyarətlər komitəsinin sədri Seyid Əli əz-Zamili bəyanat yayaraq bildirib ki, ziyarətgahın rəhbərliyi İmam Həsən Əsgərinin (ə) şəhadət ildönümünün qeyd edilməsi üçün xüsusi kompleks təhlükəsizlik və xidmət planını icra edir.
O əlavə edib: "Ziyarətgahın bütün bölmələri və dəstək qurumları bu münasibəti qeyd etmək üçün Samirra şəhərinə gələn milyonlarla zəvvarı qarşılamağa tam hazırdır".
Əz-Zamili sözlərinə belə davam edib: "Bu plan təhlükəsizlik, səhiyyə və xidmət idarələri ilə birbaşa əlaqəli şəkildə, zəvvarların hərəkətinin nizamlanması, asanlaşdırılması və ziyarət müddətində ən yüksək xidmətlərin göstərilməsi məqsədilə həyata keçirilir".
4370978