İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin dəftərxanasının rəsmi saytına istinadən verdiyi xəbərə görə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu ilki həcc ziyarətinin təşkilinə ölkə üzrə cavabdeh olan rəsmilərlə bu gün (bazar günü) səhər baş tutan görüşündə qeyd etdi ki, həcc ziyarəti İslam ümmətinin vəhy diyarının mənəvi gözəlliklərindən bəhrələnməsi, Allah-Taala ilə arasında olan rabitəni möhkəmləndirməsi, eləcə də müsəlmanların İslam dünyasındakı problemlərin aradan qaldırılması naminə öz aralarında fikir mübadiləsi aparmaları üçün böyük bir fürsətdir.
Ali Məqamlı Rəhbər vurğuladı: “Bu gün İslam dünyasının ən önəmli problemlərindən biri böyük dövlətlərin və onlardan asılı olan qüvvələrin İslam ümməti arasına ixtilaf salmaq üçün göstərdikləri genişmiqyaslı səylərdir".
O vurğuladı: "Həcc ziyarətinin yaratdığı misilsiz fürsətdən bəhrələnərək müsəlman ümməti arasında birlik və qarşılıqlı anlaşmanın yaradılması, konflikt və anlaşılmazlıqlara yol açan amillərin aradan qaldırılması istiqamətində tədbirlər görmək lazımdır”.
Görüş zamanı Ali Məqamlı Rəhbər iştirakçıları 8-ci imam Həzrət Rzanın (ə) mövludu münasibətilə təbrik edərək o həzrətin Xorasanda yerləşən müqəddəs məqbərəsinin bərəkət mənbəyi, Yaradana diqqət, zikr və tövhid mərkəzi olduğunu bildirdi. Ali Məqamlı Rəhbər dövrünün zalım və qəddar siyasi aparatının məkrli planlarına qarşı mübarizə aparmaq üçün İmam Rzanın (ə) seçdiyi müdrik metoda toxunaraq dedi: “Həzrət İmam Rza (ə) onun əleyhinə çox ustalıqla cızılmış məkrli planı Allaha təvəkkül edərək, ilahi bir tədbirlilik və imamət məqamından irəli gələn uzaqgörənliklə tam əksinə yönəldib, İslam dünyasının təfəkküründə Quran maarifinin təbliği istiqamətində Əhli-Beytin (ə) adı ilə bağlı olan möhtəşəm bir hərəkat yarada bildi”.
Daha sonra Ali Məqamlı Rəhbər yenidən həcc mövzusuna qayıdaraq həcc mövsümünü müsəlmanların dini-mənəvi məsələlərinin yoluna qoyulması, İslam dünyasındakı mühüm problemlərin həllini tapması üçün böyük və dəyərli bir fürsət adlandırdı. O, əlavə etdi: “Həccin davam etdiyi günlərdə müsəlmanlar bu ilahi səfərin mənəvi faydalarından tam surətdə bəhrələnməli, Allah-Taala ilə aralarında olan rabitəni elə möhkəmləndirməlidirlər ki, həcc ziyarətindən sonra onlarda, doğrudan da, bir dəyişiklik müşahidə olunsun”.
Həzrət Ayətullah Xamenei İslam dünyasındakı mühüm problemlərin nəzərdən keçirilməsi, onların aradan qaldırılması istiqamətində fikir mübadiləsinin aparılması ilə əlaqədar olaraq, aşağıdakıları vurğuladı: “Bu gün İslam dünyası çox həssas və təhlükəli bir şəraitdədir və onun ən mühüm problemlərindən biri imperialist dövlətlərin müsəlmanlar arasına konflikt və anlaşılmazlıq salmaq üçün göstərdikləri səylər, işlətdikləri manevrlərdir”.
“Həcc günlərində bütün müsəlmanlar var gücləri ilə qəlblərini təmizləməyə, süni kin-küdurəti azaltmağa çalışmalıdırlar” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Təəssüf ki, istər şiələrdən, istərsə də əhli-sünnədən olan bəzi müsəlmanlar bilməməzlik ucbatından bir-birinə qarşı reallıqdan uzaq olan cürbəcür ittihamlar səsləndirərək İslam ümmətinin düşmənlərinə kömək edir, Amerika və sionizmin dəyirmanına su tökürlər”.
Ali Məqamlı Rəhbər həmçinin dedi: “Müsəlmanlar sayıqlıq və həmrəyliklə düşmənin silahını əlindən almalıdırlar”.
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, hazırkı şəraitdə təkfirçilik İslam düşmənlərinin müsəlmanlar arasına konflikt salmaq, onları Fələstin problemindən yayındıraraq başlarını bir-birinə qarışdırmaq, bununla da sionistlərin mənafeyinə xidmət etmələrini təmin etmək üçün işlətdikləri silahdır. O vurğuladı: “İslam dünyasının bir nömrəli problemi olan Fələstin problemi həcc ziyarəti zamanı diqqətdə saxlanmalıdır”.
Ali Məqamlı Rəhbər əlavə etdi: “Sevindirici haldır ki, bu gün Fələstin məsələsində üstünlük müsəlmanlara məxsusdur. Qəzzada gedən 50 günlük hərbi əməliyyatlar və Qərbin regiondakı güc simvolu kimi İsrail rejiminin cüzi imkanlara malik olan, blokada şəraitində yaşayan azsaylı Qəzza əhalisi qarşısında məğlubiyyətə uğraması bunun bariz nümunəsidir”.