IQNA

"Qurani-Kərimə qadağa qoyulmalıdır" deyən islamofob lider məhkəməyə verildi

12:50 - July 29, 2015
Xəbər sayı: 3336687
Tehran(IQNA)- Avstriya prokurorluğu hollandiyalı radikal sağçı lider Girt Vilders haqqında istintaqa başlayıb.

Beynəlxalq Quran Xəbər Agentliyi(IQNA)-nın İslamazeri.az-a istinadla verdiyi xəbərə göre, Avstriya prokurorluğu hollandiyalı radikal sağçı lider Girt Vilders (Geert Wilders) haqqında müsəlmanlara qarşı təhrik və radikalizm ittihamı ilə istintaqa başlayıb.
 

İstintaq Vildersin mart ayında Vyanada çıxışı ilə əlaqədar açılıb. Avstriyadakı radikal sağçı "Azadlıq" Partiyasının lideri Kristian Straçenin dəvəti ilə Vyanaya gedən Vilders, "Avropada İslam təhdidi" mövzusunda çıxış etmişdi.
 

Vilders çıxışında müsəlmanların müqəddəs kitabı Qurani-Kərimi Adolf Hitlerin "Mənim Mübarizəm" kitabı ilə müqayisə edərək, qadağan olunmasını istəmişdi. Avropaya müsəlman axınının qarşısının alınmasını istəyən "Azadlıq" Partiyasının lideri Vilders, "Bu döyüşü udmalıyıq, İslamı məğlub etməliyik", -deyə söyləmişdi.
 

Solçu partiyalar isə Hollandiyalı islamofob lideri müsəlmanlara qarşı ova başlamaqda günahlandırmışdı. Avstriyadakı Müsəlman Təşkilatları Təşəbbüsü (İMÖ) Vildersin çıxışı ilə əlaqədar prokurorluğa şikayət edib. Şikayətdə Vildersin dini inancları təhqir etmə və fitnəkar sözlərlə alçaltma ittihamı irəli sürülüb. Avstriya prokurorluğu Vildersin çıxışını radikalizm çərçivəsində araşdıracaq. İslamofob lider Girt Vilders isə şəxsi "Twitter" hesabında bu şikayəti dəlilik adlandırıb.

captcha