IQNA

Salman Farsinin həyatı

23:19 - September 27, 2020
Xəbər sayı: 3488204
Səfər ayının 8-i (Sentyabr ayının 26-ı) İslam Peyğəmbəri (s) və imam Əlinin (ə) yaxın səhabəsi Salman Farsinin vəfat günüdür.
Səfər ayının 8-i (Sentyabr ayının 26-ı) İslam Peyğəmbəri (s) və imam Əlinin (ə) yaxın səhabəsi Salman Farsinin vəfat günüdür. Elə bu münasibətlə, əziz həmvətənlərimizə və oxucularımıza başsağlığı verir və onun həyatı ilə bağlı qısa məlumatı diqqətinizə çatdırırıq:
 
Salman Farsi həqiqət sorağında və yəqinlik məqamı arzusunda olan bir iranlı idi. O, öz haqtələb həyatının müxtəlif eniş-yoxuşlarından və macəradolu səfərlərindən sonra, nəhayət, həqiqətə nail olur, Allahı tanıya bilir. Doğru yol və ilahi məktəb uğrunda səylərin bəhrəsi İslam və müsəlmanlıq olur. Həqiqətə qovuşmaq naminə hətta acı qul taleyini yaşamış Salman sonda məqsədinə çatır, İslamda qədərincə uca məqam qazanır. O, Peyğəmbərdən (s) “Salman biz Əhli-beytdəndir!” – kimi misilsiz bir təltif alır. Salman Farsi İslam hərəkatının çiçəkləndiyi bir dövrdə böyük xidmətlər göstərərək Peyğəmbərin (s) ən yaxın adamlarından olur və o həzrətin vəfatından sonra da bu yolda mətinliklə dayana bilir.
 
Salman müsəlmanlıq iftixarına nail olur və Peyğəmbər (s) vasitəsi ilə azadlığa çıxır. O, bir müddət Mədain şəhərinin hakimi olur. Fəzilət və kamal çeşməsi olan Salman 35-ci hicri ilində uzun bir ömür yaşadıqdan sonra Allahın bəyəndiyi bir aqibətlə dünyaya vida deyir. Bəzi mənbələrdə Salmanın 250, bəzi mənbələrdə isə 350 il yaşadığı bildirilir.
 
Salmanın özü haqqında dedikləri
 
Geniş bir hədisdə Salman öz həyatını, ömür tarixçəsini belə bəyan edir:
 
İsfahanın Cey kəndində bir kəndli ailəsində anadan oldum. Atəşpərəstlik (məcus) dinində xeyli zəhmət çəkdim. Daim atəş yandırar, onu qoruyub, sönməyə qoymazdım. Atamın bir bağı vardı. Bir gün məni həmin bağa göndərdi. Yolda bir məsihi kilsəsi gördüm. Onların ibadət və dua səsləri məni cəzb etdi. Daha artıq məlumat toplamaq üçün binaya daxil oldum. Onların dua mərasimini müşahidə edib öz-özümə dedim ki, bu din bizim dinimizdən yaxşıdır. Hava qaralanadək orada qaldım və atamın bağına getmədim. Nəhayət, ardımca adam gəldi. Qəlbimdə xoş hisslər yaratmış dinin mərkəzinin harada olduğunu soruşdum. Dedilər ki, Şamdadır. Atamın yanına qayıtdıqdan sonra öz müşahidələrim, qəlbimdə yaranan hisslər haqqında ona danışdım. Atamla söhbətimiz mübahisəyə çevrildi. Nəhayət, ayaqlarımı zəncirləyib həbs etdilər.
 
Məsihilərə xəbər göndərdim ki, mən onların dinini qəbul etmişəm. Onlardan xahiş etdim ki, Şamdan karvan gələndə mənə xəbər versinlər. Həmin karvanla Şama getmək qərarına gəlmişdim. Qərarımı həyata keçirdim. Atamın həbsindən qaçıb, Şama üz tutdum. Kilsələrin rəisi və böyük alim, “Usquf” adını daşıyan bir şəxsin yanına getdim. Başıma gələnləri ona danışdım. Usqufun yanında qalıb, ibadət və təhsilə məşğul oldum.
 
Bir qədər dünyagir Usquf dünyasını dəyişdikdən sonra axirətə rəğbətli bir xadim onun canişini oldu. Mən bu şəxsə daha çox bağlandım. Amma xoş münasibətlərimiz uzun sürmədi. Çünki o da tezliklə vəfat etdi. Ölümündən qabaq soruşdum ki, ondan sonra kimə müraciət edim, kimdən tövsiyə alım? O məsləhət gördü ki, Mosulda yaşayan bir məsihiyə müraciət edim. Deyilən şəxsi tapsam da, o da bir müddət sonra dünyasını dəyişdi. Dini işlərimdə yardım almaq üçün növbəti abid sorağı ilə Nəsibinə, sonra isə Rum şəhəri Əmuriyyəyə yola düşdüm. Oradakı abidlərdən istifadə etməklə yanaşı, maddi ehtiyaclarımı ödəmək üçün bir neçə inək və qoyun aldım. Sonuncu abiddən soruşdum ki, özündən sonra kimə üz tutmağımı məsləhət görürsən. Dedi: “Elə bir şəxs tanımıram, amma indi İbrahim dinində olan növbəti peyğəmbərin zühuru gözlənilir. Həmin peyğəmbər iki daş-kəsəklik arasında xurma bağları olan ibr məntəqəyə hicrət edəsidir. Əgər imkan tapsan, özünü ona çatdır. O peyğəmbərin əlamətlərindən biri budur ki, sədəqə götürməz, amma hədiyyə qəbul edər; onun iki çiyni arasında peyğəmbərlik nişanı var. Onu bu nişanla hökmən tanıyarsan”.
 
Bir gün ərəb diyarından gəlmiş karvana qoşulub yola düşdüm. Amma onlar məni yolda zorla bir yəhudiyə satdılar. Orada qaldığım müddətdə elə bilirdim ki, axtardığım yer elə oradır. Əslində isə, ora tamam başqa bir məntəqə idi. Bir müddət sonra başqa bir yəhudi məni əvvələki sahibimdən alıb, özü ilə Mədinə şəhərinə apardı.
 
Mədinədə sahibimin xurma bağında işləyirdim. Bir müddət sonra Allah öz peyğəmbərini seçdi. Onun peyğəmbərliyə çatmasından bir qədər sonra Mədinəyə hicrət etdiyini eşitdim. Qubada Bəni-Əmr ibn Of tayfasının yanında qaldı. Sahibimin öz əmisi oğlu ilə söhbətlərindən anladım ki, axtardığım peyğəmbər elə odur. Gecə məxfi şəkildə evdən çıxıb, özümü Qubaya çatdırdım. Peyğəmbərin xidmətinə yetişdim. Hüzurunda bir neçə nəfər vardı. Dedim ki, siz bu yerdə qəribsiniz, mənimsə bir miqdar sədəqə azuqəm var, hansınıza verməyim daha yaxşıdır? Peyğəmbər səhabələrinə “Allahın adı ilə başlayın” buyurub, özü süfrəyə əl uzatmadı. Öz-özümə dedim ki, sədəqəyə toxunmaması onun peyğəmbərliyinin nişanəsidir.
 
Səhəri gün yenə bir qədər azuqə götürüb, onun xidmətinə getdim. Hədiyyə adı ilə bu yeməyi ona təqdim etdim. Səhabələrinə buyurdu ki, Allahın adı ilə başlayın, özü də yeməyə başladı. Öz-özümə dedim ki, hədiyyəni qəbul etməsi də onun peyğəmbərlik nişanəsidir. Onda üçüncü nişanəni axtarırdım. Bir neçə gün sonra onu səhabələri ilə birlikdə “Bəqi “qəbiristanında gördüm. Bir əbanı geyinmiş, o birini çiyninə salmışdı. Onun arxasında durdum ki, peyğəmbərlik möhrünü görüm. O, mənim məqsədimi anlayıb, çiynindən əbanı götürdü və mən həmin peyğəmbərlik nişanını gördüm. Peyğəmbərlik möhrü eynən deyildiyi şəkildə idi. Ayaqlarına düşüb öpdüm və ağladım. Həzrət məndən başıma gələnləri soruşdu, mən də olub-keçənləri nəql etdim. Sonra İslamı qəbul etdim. Amma qul olduğum üçün Bədr və Ühüd döyüşlərində iştirak edə bilmədim. Peyğəmbərin (s) məsləhəti ilə azad olmağım üçün sahibimlə müqavilə bağladım. Müsəlmanların köməyi ilə müəyyən olunmuş məbləği ödəyib azad oldum. Azad müsəlman kimi yaşayıb, Xəndək və sair döyüşlərdə iştirak etdim. (“Biharul-ənvar”, c.22, səh.355-362.)
 
Salman Muhəmmədi
 
Əhzab döyüşündə xəndək qazılarkən ənsar zümrəsi deyirdi: “Salman bizdəndir, çünki o da Məkkədən gəlmə deyil”. Mühacirlər isə onu özlərinə aid edərək deyirdilər: “Salman bizdəndir, çünki o da Mədinə əhli deyil”. Bu söhbətləri eşidən İslam Peyğəmbəri (s) buyurur: “Salman biz Əhli-beytdəndir (ə)”. Salman ərəb və əcəmlikdən daha çox müsəlmandır. Bu səbəbdən də, onu “Salman Muhəmmədi” adlandırmışlar.
 
Salmanın uca məqamının sübutu üçün qeyd etmək kifayətdir ki, həzrət Peyğəmbər (s) gecələr Salmana xüsusi dərs keçərdi. (“Əl-istiab”, c.2, səh.59.)
 
Peyğəmbər (s) buyurur: “Allahım mənə bildirdi ki, səhabələrdən dördünü sevir və məni də həmin şəxsləri sevməyə çağırdı”. Bu dörd nəfərin kimliyini soruşdular və məlum oldu ki, hamı həmin dörd nəfərdən biri arzusundadır. Həzrət (s) buyurdu: “Əli onlardandır.” − sonra isə susdu. Bir qədər fasilədən sonra sözünə davam etdi: “Qalan üç nəfər isə Miqdad, Əbuzər və Salmandır”.
 
İmam Əli (ə) Salmanı həkim Loğmana oxşatmış və buyurmuşdur: “Salman biz Əhli-beytdəndir və həkim Loğman kimi olan Salmanın tayını haradan tapacaqsınız?!” (“Biharul-ənvar”,  c.22, səh. 324, 330.)
 
Salman Mədaində olsa da, Mədinə müsəlmanlarının qəlbində idi və heç vaxt Əmirəlmömininin (ə) diqqətindən kənarda qalmazdı. Salman vəfat etdikdə, Həzrət Əli (ə) onun dəfni üçün özünü Mədainə çatdırdı.
 
 
Salmanın vəfatı
 
Bir gün Salaman ölüm yatağında ikən həyat yoldaşını çağırıb deyir: “Sənə verdiyim əmanəti gətir”. Əmanət gətirilir. Bu bağlamada bir müşk torbası var idi. Salman əbədiyyət səfəri üçün saxladığı müşkü kasadakı suya qatır. Xanımından xahiş edir ki, bu müşkü onun yatağının ətrafına səpsin. Sonra deyir: “Mənim yanıma gələn məxluqlar yemək yeməsələr də, xoş ətri sevirlər”. Yoldaşı onun istəklərini yerinə yetirir. Salman əlavə edir: “Qapını bağla, bir kənarda otur”. Xanımı onun göstərişinə əməl edir. Salmanın xidmətində olan Zadan soruşur ki, sizə kim qüsl versin? Salman cavab verir ki, Peyğəmbərə (s) qüsl verən şəxs! Zadan deyir: “Axı, o Mədinədədir, siz isə Mədaində?”
 
Salman deyir: “Elə ki, çənəmi bağladın, onun ayaq səslərini eşidərsən. Mənə bu barədə Allahın Rəsulu (s) xəbər vermişdir”. Zadan deyir: “Elə ki, Salmanın ruhu bədənindən ayrıldı və çənəsi bağlandı, Əmirəlmöminin Əlinin (ə) Qəmbərlə birlikdə gəlib çatdığını gördüm. Həzrət (ə) soruşdu ki, Salman vəfat etdimi?” Dedim ki, bəli!
 
İmam Əli (ə) Salmanın üzündən örtüyü qaldırıb buyurdu: “Xoş halına, ey Əba-Əbdillah” (“Əba-Əbdillah” Salmanın künyəsi idi.) Peyğəmbərin (s) hüzuruna çatanda mənimlə necə rəftar olunduğunu danış!” Sonra Əmirəlmöminin Əli (ə) Salmanı dəfn üçün hazırladı. (“Salman Farsinin həyatı”, Ustad Cavad Mühəddisi.)
 
Maide.Az - Maarif bölümü 
Teqlər: Salman Farsi
captcha