
İsraf insanın gördüyü hər bir işdə həddi və normaları aşmaq deməkdir. İslam dini ilahi nemətlərdən və həyatın gözəlliklərindən qanuni istifadəni halal, israfçılığı isə haram hesab edir. Çünki müsəlman öz imkanlarına, qabiliyyətinə və səmərəliliyinə görə cəmiyyət qarşısında məsuliyyət daşıyır. Belə olan halda israf edən şəxs, şübhəsiz ki, ictimai vəzifə və öhdəliklərini yerinə yetirməkdən geri qalır. Bu səbəbdən də cəmiyyətə zərər vurmuş olar.
Qurani-Kərim bu həqiqəti ictimai məsələlər çərçivəsində gözəl şəkildə ifadə edir və ardıcıllarına xəbərdarlıq edərək buyurur: “(Malınızı) Allah yolunda xərcləyin. Öz əlinizlə özünüzü təhlükəyə atmayın, yaxşılıq edin! Allah yaxşılıq (ehsan) edənləri sevir" (Bəqərə, 195).
Bu ayədən istifadə edilir ki, əgər sərvət Allah yolunda və cəmiyyətin xeyrinə və insanların ehtiyaclarını ödəmək üçün istifadə edilməsə, o cəmiyyətin və millətin taleyi məhvə və süquta uğrayar.
Həmçinin, Allah “Əraf” surəsində buyurur: “Yeyin-için, israf etməyin, çünki O, israf edəni sevməz. (Əraf, 31).
Adətən israfçılıqla işlədilən başqa bir söz də israfçılıqdan fərqli olaraq sadəcə iqtisadi söz olan “təbzir”dır. İqtisadi mənasında israfçılıq sözü ilə “təbzir” sözü arasında çox da fərq yoxdur. Bu sözün mənası malı zay etmək və aradan aparmaqdır. şəxsi infaqlar və xeyir işlərdə həddini aşamağa şamil olmur. İsrafçılıq isə ondan daha əhatəlidir. Bütün hallara şamil olur. Şəxsi və ailə xərclərində də həddi aşmağa aid olur. Başqa sözlə, hər "təbzir" israfdır, amma hər israf "təbzir" deyil.
“Təbzir” barədə Allah buyurur: "Qohum-əqrəbaya da, miskinə də, (pulu qurtarıb yolda qalan) müsafirə də haqqını ver. Eyni zamanda (mal-dövlətini əbəs yerə) sağa-sola da səpələmə! Həqiqətən, (malını əbəs yerə) sağa-sola səpələyənlər şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur! (İsra, 26 və 27).