"Guardian" xəbər verir ki, Nyu-York məhkəməsi iş üzrə açılış ifadələrini dinləməyə başlayıb.
Salman Rüşdini öldürməyə cəhddə təqsirləndirilən Livan əsilli Amerika vətəndaşı Hadi Mətar fevralın 10-da Nyu-Yorkun Chautauqua Dairə Məhkəməsində çıxış edib.
Vəkili Nathaniel Barone, səhhətində yaranan problemlərə görə xəstəxanaya yerləşdirildiyi üçün Mətarın müdafiəsinin dinləniləcəyi iclas çətin keçib. Hakim David Foley müdafiə tərəfinin açılış ifadələrini təxirə salmaq tələbini rədd etdi və Baronenin yerinə başqa bir vəkilə açılışı etməyi tapşırdı.
27 yaşlı Hadi Mətar günahsız olduğunu elan edərək bazar ertəsi kameralar qarşısında iki dəfə “Azad Fələstin” deyə qışqırıb.
77 yaşlı müəllifin Mətarın məhkəməsində ifadə verməsi, iki ildən artıq müddətdə ilk dəfə hücumçusu ilə üz-üzə gəlməsi gözlənilir.
Buker Mükafatı laureatı Rüşdi 2022-ci ilin avqustunda Chautauqua Institution Amfiteatrında yazıçıların təhlükəsizliyi haqqında səhnədə danışmağa hazırlaşarkən, Mətar yazıçıya tərəf qaçdı.
O, Rüşdinin boynundan, mədəsindən, sinəsindən, əlindən və sağ gözündən bıçaqlayıb. Hadisədən sonra o, bir gözündə qismən görmə qabiliyyətini itirib və əlinə qalıcı ziyan dəyib.
Bu iş üzrə məhkəmə prosesi fevralın 4-də münsiflər heyətinin üzvlərinin seçilməsi ilə başlayıb və bazar ertəsi keçirilən iclas, ilk iclas hesab edilib.
Keçən il Rüşdi Nyu Yorkda Amerika PEN Mükafatlarının təqdimetmə mərasimində hücumdan sonra ilk dəfə ictimaiyyət qarşısında çıxış etdi.
Rüşdi 1989-cu ildə yazdığı "Şeytan ayələri" kitabına görə İranın dini lideri Ayətullah Ruhullah Xomeyni (r.ə) tərəfindən "ölüm hökmü" alıb və illər boyu təhlükəsizlik narahatlığı ilə yaşayıb.
Mükafatı Rüşdiyə verməklə PEN təşkilatçıları bu mükafatın siyasi yanaşmasını bir daha ortaya qoydular və onun dünya üzrə azad düşüncə sahiblərinin gözündə etibarını bir qədər məhv etdilər.
Bu mükafat Salman Rüşdi və onun tərəfdarlarının dünyada milyonlarla müsəlmanın əqidəsini təhqir etməsinin ifadə azadlığı və cəsarətli bir hərəkət olduğunu sübut edir.
4265405