“İQNA”-nın Səudiyyə Ərəbistanının “Əl-Şərq” televiziya kanalına istinadən verdiyi xəbərə əsasən, bir fələstinli rəsmisi danışıqların nəticəsiz qalmasına görə sionist rejimi ittiham edib.
Qətərdə keçirilən və Qəzzədə mümkün atəşkəs və əsir mübadiləsi üzrə aparılan sionist rejimlə Həmas arasındakı beşinci dolaylı danışıqlar raundu heç bir ciddi irəliləyiş olmadan başa çatıb.
Səudiyyə kanalının məlumatına görə, fələstinli rəsmi bildirib: məsələlər dalana dirənib və sionist rejimin danışıqlar heyəti müzakirə aparmaq əvəzinə sadəcə qulaq asmaqla kifayətlənib və hər bir məsələ ilə bağlı danışıqları İsrail rəsmiləri ilə məsləhətləşməyə bağlayıb.
Həmin fələstinli rəsmi bildirib ki, İsrailin danışıqlar heyətinin qərar vermək səlahiyyəti yoxdur və bu, sionist rejimin baş naziri Benyamin Netanyahunun mümkün hər hansı razılaşmanın qarşısını almaq məqsədilə apardığı vaxtudurma siyasətinin davamıdır.
Qəzzədə atəşkəs danışıqları bu həftənin bazar günü, sionist rejimin baş naziri Benyamin Netanyahu ilə ABŞ prezidenti Donald Trampın bazar ertəsi Ağ Evdə keçirilən görüşündən öncə Qətərin paytaxtı Dohada yenidən başlanılıb.
Bu danışıqlar 21 aylıq Qəzzə müharibəsinə son qoymaq məqsədilə Dohada keçirilir və Misir ilə Qətər müharibənin dayandırılması üçün vasitəçilik rolunu davam etdirir.
Amerikanın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkaf jurnalistlərə verdiyi açıqlamada bu həftənin sonuna qədər Qəzzə zolağında 60 günlük atəşkəslə bağlı razılaşmanın əldə olunacağına ümid etdiyini bildirib.
O vurğulayıb ki, Dohada aparılan danışıqlar fikir ayrılıqlarını aradan qaldırmaq və münaqişənin daimi həllinə zəmin yarada biləcək bir atəşkəsə nail olmaq üçün hələ də davam edir.
4293372