“İQNA”-nın “alkhabarkw”a istinadla verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizin adı ilə keçirilən Beynəlxalq Quran və Sünnə Hifzi müsabiqəsinin final mərhələsi, sentyabrın 18-də Pretoriyada – Cənubi Afrikanın paytaxtında 29 Afrika ölkəsindən 44 təmsilçinin iştirakı ilə başlanıb.
Bu yarış Səudiyyə Ərəbistanı İslam İşləri, Dəvət və İrşad Nazirliyi tərəfindən həmin ölkənin Cənubi Afrikadakı səfirliyinin dini attaşeliyi vasitəsilə təşkil olunub.
Bu ilki yarışlarda 29 nəfər Qurani-Kərim hifzi üzrə, 15 nəfər isə “Sünnə” üzrə olmaqla ümumilikdə 44 iştirakçı mübarizə aparacaq. Onlar 80 mindən çox iştirakçının qatıldığı və 1840 Quran hifzi cəmiyyəti və məktəbinin təmsil olunduğu ilkin mərhələləri adladıqdan sonra finala yüksəliblər.
Final mərhələsinin münsifliyini Səudiyyə Ərəbistanı və Cənubi Afrikadan seçilmiş Quran və İslam alimlərindən ibarət beynəlxalq ixtisaslı komitə həyata keçirəcək.
Yarışlar Qurani-Kərimin tam hifzi, on cüzün hifzi və beş cüzün hifzi üzrə üç əsas sahə ahatə edir. Həmçinin ayrıca “Sünnə” bölməsi də mövcuddur və hər sahə üzrə üç mükafat nəzərdə tutulub.
Afrikada keçirilən “Kral Salman Qurani-Kərim və Sünnə Hifzi” müsabiqəsinin məqsədi gəncləri Qurani-Kərimi hifz etməyə, anlamağa və təfəkkür etməyə təşviq etmək, hafizlər arasında sağlam rəqabət ruhunu gücləndirmək, nəsillərin Allahın kitabı və Onun Peyğəmbəri Məhəmmədin (s) sünnəsi ilə bağını möhkəmləndirmək, orta mövqeni təsbit etmək və İslam maarifini yaymaqdır.
4305750