Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, Həmas Fələstin İslam Müqavimət Hərəkatı işğalçı yəhudi məskunlaşanların İordan çayının qərb sahilində Səlfitin şimal-qərbində, Kəfl Həris və Deyr İstiya qəsəbələri arasında yerləşən “Haciə Həmidə” məscidini yandırmasını müsəlmanların hisslərinə və ibadət azadlığına açıq təcavüz və iyrənc bir cinayət adlandırıb.
Həmas bu təhqirə cavab olaraq yaydığı mətbuat açıqlamasında bildirib:
“Bu hadisə bir daha işğalçıların xalqımıza, eləcə də onun islam və xristian məbədlərinə qarşı vəhşiliyinin və irqçiliyinin səviyyəsini açıq şəkildə göstərir.”
Hərəkat vurğulayıb ki, “terrorçu məskunlaşanların torpağımıza, xalqımıza və müqəddəsatımıza qarşı törətdiyi cinayətlərin artması tam şəkildə faşist işğalçı hökumətin dəstəyi və himayəsi ilə həyata keçirilir.”
Həmas bu addımları işğal olunmuş ərazilərdə yeni reallıq yaratmaq və Fələstinin kimliyini, tarixi izlərini və həqiqətlərini dəyişdirmək üçün ümidsiz cəhd adlandırıb.
Açıqlamanın sonunda Həmas bu “qanunlara, beynəlxalq normalara və ilahi hökmlərə zidd olan başıbəlalı rejimin qarşısını almaq üçün qəti beynəlxalq tədbirlərin görülməsinə” çağırıb.
Quterreş: Səlfitdə məscidə edilən hücum qəbuledilməzdir
BMT Baş katibi Antonio Quterreş İordan çayının qərb sahilində yerləşən Səlfit əyalətinin Deyr İstiya qəsəbəsində yəhudi məskunlaşanların bir məscidə hücumunu sərt şəkildə pisləyib.
BMT-nin sözçüsü Stefan Dujarrikin açıqlamasına görə, Quterreş bu addımı qətiyyətlə qınayaraq, Fələstinlilərə məxsus torpaqları zəbt etmiş bir qrup məskunlaşan tərəfindən məscidin yandırılmasından dərindən narahat olduğunu bildirib.
Quterreş bu hücumu və dini məkanlara edilən istənilən təcavüzü tamamilə qəbuledilməz adlandırıb və ibadət yerlərinə daim hörmət göstərilməsinin və onların qorunmasının vacibliyini vurğulayıb.
O həmçinin yəhudi məskunlaşanların İordan çayının qərb sahilində fələstinlilərə və onların əmlakına qarşı bütün hücumlarını pisləyib və bu hadisələri gərginliyi artıran ekstremist zorakılığın artan nümunələrinin bir hissəsi adlandırıb.
Qeyd edək ki, ötən gün cümə axşamı səhəri tezdən, radikal yəhudi məskunlaşanların bir qruppu Səlfitin şimal-qərbində yerləşən Deyr İstiya qəsəbəsindəki “Haciə Həmidə” məscidini yandırıb və onun divarlarına irqçi və anti-islam şüarları yazıblar.
Antiməskunlaşma fəalı Nəzmi Salman bu barədə bildirib ki, bir qrup məskunlaşan məscidə hücum edib, pəncərələrdən birini qıraraq içəriyə yandırıcı maddə atıblar və bu səbəbdən məscidin bir hissəsi alovlanıb, bir neçə xalça yanıb.
O əlavə edib ki, yerli sakinlər və mülki müdafiə qüvvələri alovun məscidin digər hissələrinə yayılmasının qarşısını alıblar.
Salman bu hadisəni bölgədə dini məkanlara qarşı məskunlaşanların təkrarlanan təcavüzləri silsiləsinin bir hissəsi adlandırıb.
4316731