IQNA

Ayələr və rəvayətlər baxımından iş və çalışmaq mədəniyyəti

14:20 - September 07, 2022
Xəbər sayı: 3492883
Allah yaradılış aləmini elə yaratmışdır ki, insan yaradılışın mərkəz və əsasıdır. Maddi dünyada olan hər şey insanın ixtiyar və nəzarəti altındadır. Amma bu ona görədir ki, insan öz düşüncə və təfəkkürü ilə hədəflərinə yetişməyə çarə tapsın.

Quran təlimləri və rəvayətləri hər zaman insana gərəkli ehtiyacları əldə etmək üçün çox çalışmağı tövsiyə etmişdir. Həmçinin onun bekar, tənbəl və başqalarına yük olmasını qəti qadağan etmişdir.

“Əraf” surəsinin 10-cu ayəsində buyurulur: "Sizi yer üzündə yerləşdirdik və orada sizin üçün dolanacaq vasitələri yaratdıq. Siz isə olduqca az şükür edənlərsiniz!". Allah insanı yer üzündə hökmran etməkdən bəhs edərkən, ona ilahi nemətləri xatırladır və deyir ki, Biz insan üçün həyat vəsilələrini yerləşdirmişik ki, yerdən və onun içindəkilərdən öz səyləri ilə istifadə etsin və Allaha şükür etsin.

Gün səy göstərmək və ilahi nemətlərdən bəhrələnmək fürsətidir. Nemətlər iki qismdir: İnsanlarla birlikdə olan nemətlər: Bədən üzvləri, sağlamlıq, iş üçün enerji və güc. Yaxud insanın öz məqsədləri üçün istifadə etdiyi alətlər, vasitələr şəklindədir: “(Allah) öz mərhəmətindən dolayı sizin üçün gecəni (qaranlıq) və gündüzü (işıq) yaratdı ki, (gecəni) dincələsiniz, (gündüzü isə) Onun lütfündən ruzi diləyib axtarasınız. Bəlkə, (bu nemətə görə Allaha) şükür edəsiniz!” (Qəsəs, 73).

Allah insanın çalışması üçün bütün bəhanələri və maneələri aradan qaldırdı və insan üçün yolu hamar etdi. Allah yerdə və göydə olan hər şeyi insan üçün yaratmışdır ki, insanın ehtiyac duyduğu hər şey təmin olunsun: "(Ey insanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları; meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və s.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü? İnsanlar içərisində eləsi də vardır ki, nə bir elmi, nə bir doğru yol göstərən rəhbəri, nə də bir nurani (ilahi) kitabı olmadan Allah barəsində mübahisə edər. (Loğman, 20).

Ona görə də insanlar düzgün baxıb düşünsələr, çalışmaqdan başqa yolları yoxdur. Bu halda Allah zəhmətkeşləri sevər və onlara kömək edər. Rəvayətlərə görə Allah əmanətdar taciri və işçini sevir. Allah ticarətlə məşğul olanlara həyatda xeyir-dua verir. Həzrət Peyğəmbər (s) həmçinin buyurur: Allah bəzi qrupların duasını qəbul etməz, onlardan biri də tənbəllik edən və zəhmət çəkməyən insanlardır.

Nəzərə alsaq ki, Allah insana bütün yer və səmavi nemətləri bəxş edib, insana ağıl və təfəkkür verib, o zaman onun çalışmaqdan və işləməkdən əl çəkməyə haqqı yoxdur. O, həmişə öz səadət və firavanlığı üçün bir yol axtarmalıdır.

captcha