Aşağıdakı xüsusiyyətlərə malik olan iman məqbul və dəyərlidir:
1- İman dəlil gətirməklə birlikdə. Quran həmişə öz müxaliflərindən dəlil tələb edir və buyurur: “Əgər dəlilin varsa, bizə təqdim et” (İbrahim, 10). Əlbəttə ki, müsəlman da öz dinini başqaları qarşısında dəlillərlə müdafiə etməlidir.
2- Əməl ilə birlikdə olan iman. Quranın bir çox ayələrində iman əhlinin adı çəkildikdə dərhal “və əmilus-salihat” da xatırlanır. Bu ifadə bütün yaxşı və layiqli işləri görmək deməkdir. Çünki "məscid" sözü bir məscid, "məsacid" sözü bir neçə məscid və "əl-məscid" sözü bütün məscidləri ifadə etdiyi kimi, "saleh" sözü də yaxşı, "Salehat" bir neçə yaxşı əməl, “əs-salihat” isə bütün yaxşı əməlləri ifadə edir. Quranda buyurulur: “Əmənu və əmilus-salihat” onların bütün əməllərinin xeyirli və layiqli olması deməkdir. Buna görə də möminlərin bəzi əməllərinin deyil, bütün əməllərinin saleh və xeyirli olması lazımdır.
3- Sabit iman. Quran imanlarında sabit olan möminləri tərifləyir, onları cənnət və onun nemətlərilə müjdələyir. “30. Şübhəsiz: “Rəbbimiz Allahdır!” -deyən, sonra da (sözündə) düz olan kəslərə (ölüm ayağında) mələklər nazil olub (belə deyəcəklər): “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin!” (Füssilət, 30).
4- Kamil iman. Hədisdə oxuyuruq: "İmanın on dərəcəsi vardır. Aydındır ki, hər bir möminin iman və əqidəsinin dərinliyinə uyğun olaraq iman dərəcələri vardır.
Bir nəfər İmam Sadiq (ə) tərəfindən səfərə göndərildi, qayıtdıqdan sonra İmamın xidmətinə gəldi. O bölgənin camaatını tənqid etməyə başladı və dedi: Onların imanı yoxdur. İmam (ə) buyurur: "İmanın on dərəcəsi var. Bəzilərinin iki, bəzilərinin dörd, bəzilərinin isə daha çox dərəcəsi vardır".
Hədisdə deyilir: İnsanın nə qədər iman sahibi olduğunu bilmək istəyirsənizsə, görün nə qədər pulun müqabilində günah edir. Amma Əmirəl-möminin Əli (ə) buyurur: "And olsun Allaha ki, əgər qarışqanın ağzından arpa qabığını zorla almaq qarşılığında, varlığı mənə versələr, bunu etməzdim. Bu mətləb Həzrət Əlinin (ə) iman dərəcəsini ifadə edir, yəni Həzrət Əlinin (ə) imanı varlıqdan üstündür.
“Məkarimül-əxlaq” duasında oxuyuruq: “İlahi! İmanımı kamil et”.
5- Xalis iman. Bizim əməllərimizin və imanımızın dəyəri ixlas və saflığımızdan asılıdır, nə qədər pak olarsa, bir o qədər məqbul olar. Quran iman gətirib imanlarını zülmə bulamayanları tərifləyir. “İman gətirib imanlarını zülmə qatışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır!” (Ənam, 82). Bu ayədə zülm, şirk mənasındadır.
6- İxtiyar və agahlıq əsasında olan iman. İnsanın ixtiyarı var. Şübhələr, peşmanlıqlar, tənqid və ədəbləndirmək insanın ixtiyarlı olmasına dəlildir. İman insanın elm əsasında və heç bir məcburiyyət olmadan çatdığı dəyərdir. Necə ki, Qurani-Kərim buyurur: “Dində məcburiyyət yoxdur” (Bəqərə, 256).
7- Düşüncə ilə birlikdə olan iman. Quran nöqteyi-nəzərindən yaradılışda təfəkkür və düşüncə ilə qurulan iman, dəyərli bir imandır. Quranda oxuyuruq: "Əvvəlcə yerin və göyün yaradılışı haqqında fikirləşir, sonra isə: “Allahım! Bu yaradılış əbəs yerə deyil deyirlər" (Ali-İmran, 190).