IQNA

Qəzzanın mühasirəsini yarmaq üçün dünyanın ən böyük yardım kampaniyası elan olundu

7:35 - February 07, 2026
Xəbər sayı: 3499698
İQNA – “Əl-Sumud Donanması” Qəzza zolağının mühasirəsini yarmaq məqsədilə tarixdə ən böyük yardım hərəkatının başladığını açıqlayıb.

“İQNA”, Fələstin İnformasiya Mərkəzinə istinadən xəbər verir ki, yayımlanan bəyanata əsasən, bu kampaniya gələn mart ayında eyni vaxtda quru və dəniz yolları ilə start götürəcək və 100-dən çox ölkədən minlərlə fəal iştirak edəcək. 

Qlobal “Əl-Sumud” koalisiyasının sosial şəbəkə “X”də yayımladığı bəyanatda qeyd olunub ki, təşəbbüs 29 mart 2026-cı ildən etibarən dəniz donanmasının və quru karvanının eyni vaxtda göndərilməsi ilə başlayacaq. Bu addımın elan olunmuş məqsədi Qəzzaya tətbiq edilən mühasirəni yarmaq və bölgə sakinlərinə humanitar yardım çatdırmaqdır. 

Təşkilatçılar bildiriblər ki, ötən ilin 10 oktyabrında elan olunan atəşkəs razılaşmasının humanitar müddəalarının tam icrası hələ də çətinliklərlə üzləşir; xüsusilə yanacağın, humanitar yardımların və dağıntıların aradan qaldırılması üçün lazım olan avadanlıqların Qəzzaya daxil olması sahəsində problemlər mövcuddur. 

“Əl-Sumud Donanması” vurğulayıb ki, bu hərəkat yalnız yardım gəmilərinin göndərilməsi ilə məhdudlaşmayacaq, həm də Qəzzanın mühasirəsinə son qoymaq və insan iztirablarını azaltmaq üçün genişmiqyaslı qlobal səfərbərlikdir. 

Bəyanata görə, kampaniyada minlərlə həkim, tibb bacısı və tibbi personal, həmçinin müəllimlər, mühəndislər, bərpa qrupları, müharibə cinayətlərini və ekoloji dağıntıları sənədləşdirən qruplar iştirak edəcək. 

Təşkilatçılar qeyd ediblər ki, bu addım Qəzzadakı humanitar vəziyyətə cavab olaraq, dünyada koordinasiyalı və dinc bir təşəbbüs çərçivəsində həyata keçirilir. 

4332632

captcha