IQNA

Ayətullahul‑uzma Cavadi Amuli:

Quran — insanın əbədiyyət maarifinin yeganə mənbəyidir

1:34 - February 22, 2026
Xəbər sayı: 3499800
İQNA – Ayətullahul‑uzma Abdullah Cavadi Amuli Qurani‑Kərimin mesajının ümumbəşəri olmasına vurğu edərək bildirib ki, Qurandan başqa elə bir kitab yoxdur ki, “insanın əbədiyyət maarifini” bəyan edə bilsin.

“İQNA”-nın müxbirinin məlumatına görə, Ayətullahul‑uzma Abdullah Cavadi Amuli şənbə  21 fevral tarixində, 33‑cü Beynəlxalq Qurani‑Kərim Sərgisinin açılış mərasiminə göndərdiyi video-müraciətdə Allahı həmd və səna ilə yad edib, peyğəmbərlərə, Əhli-beytə (ə) və Həzrət Siddiqeyi‑Tahirəyə (s) salam göndərərək tədbirdə iştirak edən alimlərə, mütəfəkkirlərə və elmi şəxsiyyətlərə xitab edib. O, Allahdan istəyib ki, İslamın elm‑mərkəzli və bilik‑yaradıcı sistemini Həzrət Vəliyyi‑Əsrın (ə.f) vilayəti kölgəsində zühura qədər qoruyub saxlasın.

Aşağıda bu mərcəyi‑təqlidin mesajının tam mətni təqdim olunur:

Qurani‑Kərim təkcə bir çox ayələrində özünün beynəlxalq bir kitab olduğunu və bütün bəşəriyyətə mesaj gətirdiyini bildirmir, həm də bu mesajı elmi süfrə şəklində təqdim edir. Əgər kitab beynəlxalqdırsa — ki, belədir — və əgər bütün dünyaya mesajı varsa — ki, var — onda onun süfrəsi də beynəlxalq olmalıdır. Dünyada keçmiş və gələcək nəsillər arasında ortaq olan yeganə şey mədəniyyətdir: insan haradan gəlib, hara gedir, hansı şəraitdə yaşayır, kainatın sistemi nədir, insan ruhu nədir, cəmiyyət nədir?

Qurani‑Kərimdə iki növ elm xatırladılır. 

Birincisi, “yuallimuhumul‑kitabə vəl‑hikmətə” ayəsində qeyd olunan adi, tanınmış elmlərdir — fiqh, üsul, hüquq və s. 

İkincisi isə Quranda elə bir sıra məsələlər var ki, nə keçmişdə mövcud idi, nə də bu günün elmi onları tanıyır. Allah Peyğəmbərə (s) buyurur ki, sən bütün dahiliyinlə belə, Quran olmasaydı, bu elmlərə çata bilməzdin. Bəşəriyyətə də bildirir ki, siz nə qədər inkişaf etsəniz, nə qədər elmi güc qazansanız, Quransız bu maarifə yetişə bilməzsiniz.

Bu ikinci qisim, Qurani‑Kərimin xüsusi bəxşişlərindəndir. Bu, həm İslam ümmətinə, həm də bütün bəşəriyyətə ünvanlanmış bir kəlamdır. Peyğəmbərə (s) də buyurulur ki, “yuəllimuhumul‑kitabə vəl‑hikmətə”dən əlavə, “və yuəllimukum mə ləm təkunu tələmun” da vardır.

“Yuəllimukum mə ləm təkunu tələmun” ərəb ədəbiyyatında elə bizim “Əgər bu olmasaydı, siz bunu heç yerdə öyrənə bilməzdiniz” ifadəmizə bənzəyir.

Allah Peyğəmbərə (s) buyurur: Allah sənə elə şeylər öyrətdi ki, sən — bütün istedad və dahiliyinə baxmayaraq — vəhy olmadan onları öyrənə bilməzdin. Bu göyün altında Qurandan başqa elə bir kitab yoxdur ki, bu məsələləri sizə öyrətsin. Bu məsələlər “insanın əbədiyyət maarifi”dir. İnsan əbədi bir varlıqdır və əbədi varlıq əbədi mədəniyyət istəyir. İnsan nə çürüyür, nə də varlıqdan çıxır. Doğrudur, insan qəbrə gedir və bədəni çürüyür, amma insan özü əbədiyyətə doğru səfərdədir: dünyadan bərzəxə keçir, bərzəxdən məada, oradan behiştə daxil olur və əbədi olaraq orada qalır. Orada nə il var, nə ay, nə zaman var, nə də yer; insan əbədi varlıqdır. Əbədi varlıq əbədi mədəniyyətə ehtiyac duyur.

Ümid edirik ki, həm hövzələr, həm universitetlər, həm də bəşər cəmiyyətləri bu yolda olsunlar və həm “yuəllimuhumul‑kitabə vəl‑hikmətə”, həm də “yuəllimukum mə ləm təkunu tələmun”dan bəhrələnsinlər.

4335941

captcha