“İQNA”, “Ərəbi 21” saytına istinadən xəbər verir ki, Almaniyanın şərqindəki Türingiya əyalətinin mərkəzi Erfurtda yerləşən Mahmud Məscidi uzun planlaşdırma prosesi və təxminən on səkkiz il davam edən etirazlardan sonra istifadəyə verilib.
Bu məscid əyalətdə yeni tikilmiş ilk məscid hesab olunur. Açılış mərasimi Ramazan ayının başlanmasına cəmi bir neçə gün qalmış, məhdud sayda təhlükəsizlik qüvvələrinin iştirakı ilə və əvvəlki illərdəki kimi genişmiqyaslı etirazlar olmadan keçirilib.
Reuters-in məlumatına görə, məscid şəhərin kənarındakı Marbax sənaye zonasındadır. Ağ rəngli fasada malik olan binanın üzərində təxminən səkkiz metrlik bəzədilmiş minarə ucalır. Bu memarlıq üslubu, əyalətdə müsəlmanların ənənəvi olaraq istifadə etdiyi müvəqqəti ibadətgahlarla müqayisədə daha fərqlidir.
Hesabatda qeyd olunur ki, layihənin planlaşdırılması 2007-ci ildə başlayıb, lakin xüsusilə sağçı qruplar və aktivistlər tərəfindən dəfələrlə etirazlarla qarşılanıb. Onlar İslam memarlığına məxsus üslubda bir məscidin tikilməsini, irqçi partiyaların güclü olduğu bölgədə mədəni və siyasi nəticələrə səbəb ola biləcək bir addım kimi qiymətləndirirdilər.
Tikinti sahəsi əvvəllər də etirazlara və layihəyə qarşı bannerlərin qaldırılmasına şahid olmuşdu və bu məsələ bəzən yerli siyasi diskursda da istifadə edilirdi. Bununla belə, açılış günü nisbətən sakit keçib və yalnız az sayda etirazçı iştirak edib. Yerli polis tədbirin insidentsiz başa çatdığını təsdiqləyib.
Məscid rəhbərliyi bildirib ki, layihənin dəyəri təxminən 1,4 milyon avro olub və bu məbləğ tamamilə müsəlman icmasının ianələri ilə toplanıb. Onlar həmçinin qeyd ediblər ki, cümə xütbələri əsasən alman dilində oxunacaq, inteqrasiya və açıqlıq vurğulanacaq və yerli qaydalara əsasən azan səsucaldıcılarla verilməyəcək.
Almaniya Daxili İşlər Nazirliyinin məlumatlarına görə, 2025-ci ildə yüzlərlə islamofobiya xarakterli cinayət qeydə alınıb. Müsəlmanlara qarşı ayrı-seçkiliyi izləyən bir vətəndaş cəmiyyəti şəbəkəsi isə 2024-cü ildə minlərlə hadisə sənədləşdirib ki, bu da əvvəlki illə müqayisədə əhəmiyyətli artım deməkdir.
4336577