“İQNA”-nın “əl-Cəzirə”yə istinadən verdiyi xəbərə görə, Livan mənbələri açıqlayıb ki, sionist rejimin ordusu öz təcavüzlərini davam etdirərək Livanın bir neçə bölgəsini hədəfə alıb.
Bu çərçivədə Livan Mülki Müdafiə Təşkilatı bəyan edib: “İsrailin ölkənin cənubundakı Sayda şəhərinə hücumu nəticəsində qüvvələrimizdən biri şəhid olub, bir nəfər isə yaralanıb”.
Xəbər mənbələri həmçinin İsrailin Livanın cənubunda yerləşən Xiyam qəsəbəsinin şimalına hava hücumu, eləcə də Bər əs‑Sələsil bölgəsinə iki hava zərbəsi endirdiyini bildiriblər.
Eyni zamanda əl‑Manar telekanalı xəbər verib ki, çərşənbə günü səhər saatlarında sionist rejimin hava hücumu nəticəsində Beyrutun Zəqaq əl‑Bilat məhəlləsindəki yaşayış mənzili hədəfə alınmış və əl‑Manarın müxbiri Məhəmməd Şəri həyat yoldaşı ilə birlikdə şəhid olmuşdur.
Əl‑Mənar rəsmi bəyanatında bildirib: “Sionist rejimin xəyanətkar əli günahsız mülki şəxsləri evlərində və mənzillərində hədəfə alır.”
Telekanal əlavə edib ki, Şəri onilliklər boyunca mübariz, milli, inqilabi və məqsədyönlü media fəaliyyətini davam etdirib və haqqı müdafiə etmək yolunda söz silahı ilə hər cür fədakarlığa hazır olub.
Şəri siyasi proqramların aparıcısı və peşəkar müsahibəçi kimi tanınırdı. O, 10 il ərzində əl‑Manarın siyasi proqramlar direktoru və idarə heyətinin üzvü olub.
Bəyanatda həmçinin qeyd olunur ki, Şəri ömrünün son günlərində xəstə olmasına baxmayaraq, media fəaliyyətindən fikri olaraq geri qalmırdı. O, cərrahiyyə əməliyyatından sağalma mərhələsində olsa da, sionist rejimin Beyruta səhər hücumlarında fədakar həyat yoldaşı ilə birlikdə şəhid oldu. Onun uşaq və qadın olan övladları və nəvələri yaralanaraq xəstəxanaya aparılıb.
Sionist rejimin ordusu bundan əvvəl də Livanın müxtəlif bölgələrinə terror hücumları həyata keçirərək bombardman etmişdi.
Buna cavab olaraq Hizbullah hər gün onlarla əməliyyatla sionist rejimin mövqelərini hədəfə alır.
Son günlərdə Livandakı İslam Müqaviməti sionist rejimin hərbi bazalarına və qüvvələrinə qarşı onlarla raket və pilotsuz uçuş aparatı əməliyyatı həyata keçirib və eyni zamanda sionist hərbçilərin sərhəddə irəliləmə cəhdlərini birbaşa döyüşlərlə puça çıxarıb.
4341707