IQNA

Ayətullah Abbasi – Əl-Əzhərin şeyxi üçün mesaj

20:38 - March 23, 2026
Xəbər sayı: 3499990
İQNA – Cameətül-Mustafa (s) Beynəlxalq Universitetinin rektoru Ayətullah Abbasi, Əl-Əzhər Fətva Şurasının yaydığı bəyanatla bağlı mesaj verib.

Mesajın mətni belədir:

Bismillahir-rəhmanir-rəhim 

Cənab doktor Əhməd Məhəmməd Əhməd ət-Tayyib 

Əl-Əzhərin imamı və böyük şeyxi

Salamun əleykum

Son günlərdə, ABŞ-ın və onun bölgədəki murdar ortağı – sionist işğalçı rejimin – cinayətkar təcavüzünün davam etdiyi bir vaxtda, Əl-Əzhər Fətva Şurasının yaydığı bəyanatla bağlı təəccüb və təəssüfümü Sizə bildirmək istəyirəm.

Bu bəyanatda müsəlman qanının hörmətinin qorunması və beynəlxalq qanunlara riayət edilməsinin vacibliyi vurğulansa da, İran İslam Respublikasının region ölkələrində ABŞ və sionist rejimin mövqelərinə qarşı həyata keçirdiyi hərbi əməliyyatlar pislənmiş və bu hücumlar regionun sabitliyini pozan addımlar kimi təqdim edilmişdir.

Bu mövzu ilə bağlı bir neçə məqamı diqqətinizə çatdırıram:

1-   Siz yaxşı bilirsiniz ki, ABŞ və İsrail danışıqların ortasında, müqəddəs Ramazan ayında, İran İslam Respublikasının sərhədlərini pozaraq ölkəmizə hücum etdilər və İslam İnqilabının böyük imamını və rəhbərini, bir sıra hərbi komandirləri və günahsız insanları şəhid etdilər. 

Belə bir vəziyyətdə İran xalqının və hərbi qüvvələrinin müqavimətdən başqa yolu varmı idi?

Niyə Siz və Əl-Əzhər Fətva Şurası sionist yəhudilərin bir İslam ölkəsinin sərhədlərini açıq şəkildə pozmasını pisləmədiniz? 

Məgər Peyğəmbərimizin (s) bu kəlamı deyilmi: 

“Hər kim bir müsəlmanın ‘ey müsəlmanlar, köməyə gəlin’ fəryadını eşidib ona cavab verməsə, müsəlman deyil.” 

Müsəlman İran xalqının belə bir fövqəladə vəziyyətində bu sükutun izahı nədir?

2-   Əl-Əzhər Fətva Şurası İranın region ölkələrindəki ABŞ bazalarına hücumunu pisləyib. 

Bu, doğrudan da təəccüblüdür!

ABŞ region ölkələrində yerləşdirdiyi hərbi imkanlardan istifadə edərək bir İslam ölkəsinə hücum edib. İranın hərbi qüvvələri isə cavab olaraq, həmin hücumların həyata keçirildiyi eyni bazaları hədəfə alıblar.

Lakin Fətva Şurası təcavüzkarın hücumuna heç bir reaksiya vermədən, bizim beynəlxalq və qanuni özünümüdafiə haqqımızı pisləyib! 

Məgər Allah-Təala Qurani-Kərimdə buyurmurmu:

“Kim sizə hücum edərsə, siz də ona onun sizə etdiyi qədər cavab verin.” 

(Bəqərə, 194)

Bu açıq Quran hökmü qarşısında belə ikili yanaşmanın auditoriyanızda çaşqınlıq yaratmayacağını düşünürsünüzmü?

3-   Bəyanatda İranın regiondakı ABŞ bazalarına hücumu pislənib. 

Cənab doktor ət-Tayyib! 

Niyə universitetinizin Fətva Şurası həmin region ölkələrinə xəbərdarlıq etmir ki, bir İslam ölkəsinin torpağını və hava məkanını “kafir-hərbi” olan amerikalıların ixtiyarına vermək olmaz?

Məgər Allah-Təala Quranda buyurmur:

“Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri özünüzə dost tutmayın. Onlar bir-birinin dostlarıdır. Sizdən kim onları dost tutsa, o da onlardandır.” (Maidə, 51)

Həmçinin başqa bir ayədə buyurub:

“Möminlər möminləri qoyub kafirləri özlərinə dost tutmasınlar. Kim belə etsə, Allahla heç bir bağlılığı yoxdur.” (Al-i İmran, 28)

Bir İslam ölkəsinin torpağını və səmasını kafir-hərbi qüvvəyə vermək bu ilahi qadağanın açıq şəkildə pozulması deyilmi?

4-   Hörmətli Əl-Əzhər şeyxi! 

Gəlin bir az İslam dünyasının gələcəyi barədə düşünək. 

İsrail və ABŞ yalnız İranın düşmənidirmi? 

İranın “günahı” nədir? 

Qəzzənin məzlum xalqını əməli şəkildə müdafiə etmək!

Qardaşcasına xəbərdarlığımı ciddi qəbul edin: 

Bu faciə qarşısında sükut, İslam ümmətinin gələcəyinə ağır zərbə vuracaq.

Cənab doktor ət-Tayyib! 

Gəlin bir-birimizin əlindən tutub Qurani-Kərimin çadırı altında birləşək və Quran ədaləti əsasında sionizmin şərinə qarşı söz deyək və addım ataq. 

Bu gün danışdıqlarımız və susduqlarımız barədə Qiyamət günü cavab verəcəyik. 

Gələcək nəsillər də bu günkü mövqelərimizi qiymətləndirəcək.

Vəssəlamu alə mən ittəbaəl-hüda 

Əli Abbasi 

Cameətül-Mustafa (s) Beynəlxalq Universitetinin rektoru 

29 Ramazan 1447 hicri-qəməri

captcha