IQNA

Həmas və İslami Cihadın ABŞ-ın Qəzza atəşkəsi qətnaməsini veto etməsinə reaksiyası

12:00 - September 19, 2025
Xəbər sayı: 3498890
İQNA - Fələstin İslami Cihad Hərəkatı və Həmas bəyanatlarında bildirdilər ki, ABŞ-ın vetosundan istifadə edərək Qəzzada atəşkəs qətnaməsinin qəbul edilməsinə mane olması İsrailin cinayətlərinə təşviqdir.

“Əl-Mənar”-ın verdiyi xəbərə görə, Fələstin İslami Cihad Hərəkatı bəyanatında bildirib ki, ABŞ-ın vetodan istifadə etməsi və Qəzzada soyqırımın dayandırılmasına mane olması Tramp administrasiyasının bu cinayətlərdə əsl ortaq və əsas təhrikçi olduğunun başqa bir sübutudur.

Bəyanatda daha sonra qeyd olunub: “Tramp administrasiyasının mövqeyi beynəlxalq qanunlara, bölgə xalqlarına və hökumətlərinə qarşı saymazyanalıqdır.”

İslami Cihad əlavə edib: “ABŞ-ın bu mövqeyi işğalçı rejimin bölgənin simasını dəyişmək məqsədi ilə təcavüzlərini genişləndirməsi ilə tam həm­səslik təşkil edir.”

Eyni istiqamətdə, Həmas da BMT-də Qəzzada atəşkəsin bərqərar olunması ilə bağlı qətnamə layihəsini uğursuzluğa uğratmaq üçün ABŞ-ın vetosundan istifadə etməsinə reaksiya göstərib.

Həmasın bəyanatında deyilir: “ABŞ-ın vetosundan istifadə edərək Qəzzada atəşkəs qətnaməsini uğursuzluğa uğratması bu ölkənin açıq-aşkar iş birliyi və işğalçı sionist rejimin Fələstin xalqına qarşı törətdiyi soyqırımda tam iştirakı deməkdir. Bu həmçinin Qəzza şəhərinə qarşı qətliam, aclıq yaratma və vəhşicəsinə hücum cinayətlərinin davamı üçün yaşıl işıqdır.”

Həmas əlavə edib: “Biz bu qətnaməni Təhlükəsizlik Şurasına təqdim edən 10 ölkənin mövqeyini yüksək qiymətləndiririk və bütün ölkələri və beynəlxalq qurumları Netanyahunun cinayətkar kabinetinə təzyiq göstərməyə, onun təcavüzlərinin dayandırılmasına mane olmağa, soyqırım cinayətlərinin davamının qarşısını almağa və sionist rejim rəhbərlərinin törətdikləri cinayətlərə görə Beynəlxalq Cinayət Məhkəməsində mühakimə olunmalarını təmin etməyə çağırırıq.”

Xatırladaq ki, ötən gecə ABŞ vetosundan istifadə edərək Danimarkanın təqdim etdiyi, Qəzzada dərhal, daimi və şərtsiz atəşkəsin bərqərar olunmasını nəzərdə tutan qətnamə layihəsinin qəbuluna mane olub.

4305763

captcha