IQNA

Quranın əlyazma nüsxələrinin tarixini təyin etmə yolları və komponentləri + Foto

0:52 - September 04, 2017
Xəbər sayı: 3482085
Quran-Kərimin əlyazma nüsxələrinin yaşını təyin etmək üçün müxtəlif yollar var, o cümlədən ABŞ və Almaniya kimi inkişaf etmiş ölkələrdə bunun üçün xüsusi "krabon 14" (C14) testindən istifadə edilir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünyanın müxtəlif ölkələrinin müxtəlif muzeylərində qədim və tarixi əşyaların kənarında çox vaxt müqəddəs kitablar, o cümlədən Quran-Kərimlə də rastlaşırıq. Bu zaman muzey ziyarətçilərinin çoxu kimi bizim də zehnimizə bu sual gəlir: "Bu qədim nüsxələrin tarixi və yaşı necə təyin olunur?"

Qədim əlyazma nüsxələrin, eləcə də Quran-Kərimin əlyazma nüsxələrinin yaşını təyin etmək üçün müxtəlif yollar var, o cümlədən xəttin növü, yazı qaydaları, əlamətlər, və... ABŞ və Almaniya kimi inkişaf etmiş ölkələrdə isə bunlardan əlavə bunun üçün xüsusi "krabon 14" (C14) testindən istifadə edilir.

Bu sahənin mütəxəssislərinin rəyinə görə, İslamın ilk əsrlərində kitabət edilmiş Quran nüsxələrinin tarixinin təyin edilməsi üçün istifadə edilən metodlardan biri üzərinə Quran yazılan dərilərin "krabon 14" (C14) ilə test edilməsidir. Bu metodda dəri yandırlır, "karbon"a çevirilir və bu zaman həmin dərinin yaşı, yəni dərisinin üzərinə Quran yazılmış heyvanın neçə yüz il öncə yaşadığı əldə edilir.

Əlbəttə bəzən bu da ehtimal edilir ki, əldə edilmiş nəticə ilə reallıq arasında 50-ildən 200 ilə qədər fərq olsun.

Dünyada bu testdən istifadə edən, yəni bu test üçün lazım olan imkanlara malik cəmi beş elmi mərkəz vardır ki, bu da hamının həmin elmi mərkəzlərə əli çata bilməsini məhdudlaşdırır.

Bu test üsulu ABŞ və Almaniyada məşhurdur. Və son illərdə Birmenqam universitetində kəşf edilmiş Quran nüsxəsi həmin metodla test edilərək bu nüsxənin Peyğəmbərin (ə) həyatının son illəri və xilafətin ilk illərinə təsadüf etdiyi təxmin edildi.

Yuxarıda işarə etdiyimiz kimi bu imkan bütün elm ocaqlarında olmadığı üçün Quran nüsxələrinin tarixini təyin etmək üçün digər üsullardan istifadə edirlər. Bu metodlardan biri də Quranın tarix boyu hansı əsrdə və dövrdə hansı xətt üslublardan istifadə edilərək yazılmasıdır. Çüni xətt növlərinin tarixi məlumdur. Və araşdırmalar göstərir ki, Quranın ilkin xətti "müvərrəb" (hicazi = çəpəki xətt = / ) olmuşdur. Sonrakı əsrlərdə bu xətt Kufi və daha sonra "nəxs" ilə əvəz edilmişdir.

Quranın əlyazma nüsxələrinin tarixini təyin etmə üsullarından biri də Quran- Kərimin cildinin və vərəqlərinin ölçü və tərtibatına aid olur. Qədim Quranlarda "bəyazi" (vərəqin ortasında yazılırdı və kənarlarda ağ yer çox qalırdı) formatda yazılır və Quran eninə açılırdı. "Bəyazi" formatda yazılan Quranlar daha qədim və İslamın ilk əsrlərinə daha yaxın bir dövrdə yazılmışdır.

Yazının davamında İQNA-nın müxbirinin bu sahənin mütəxəssiləri ilə müsahibəsindən iqtibas etdiyimiz məlumatı təqdim edirik.

Qum şəhərində Ayətullah Üzma Mər`şəi Nəcəfi (r.ə) tərəfindən təsis edilmiş – (hazırda onun oğlu, həmçinin əlyazma nüsxələr üzrə mütəxəssis Ayətullah Seyid Mahmud Mər`əşi Nəcəfinin idarəçiliyi ilə fəaliyyətdə olan) - qədim əlyazma kitabların nüsxələrinin qorunduğu kitabxananın əlyazma nüsxələr üzrə mütəxəssisi Məhəmməd Hüseyn Övsəti, Həzrət Məsumənin (ə) hərəminin kitabxamasının məsulu Əli Astərəki və Quranın çap və nəşri mərkəzinin tədqiqat bölməsinin müdiri və nüsxəşünas Mürtəza Təvəkkülü bu barədə deyirlər:

Qədim Quran nüsxələrində "erab" (hərəkə = sait səsləri bildirən əlamətlər) və nöqtə olmayıb. Sözlərin üzərinə "erab" qoyulması və həriflərin nöqtələnməsi ilk dəfə İmam Əlinin (ə) şagirdi Əbul-Əsvəd Dueli tərəfindən həyata keçirilir.

İlk dəfə Quran həriflərinin nöqtə qoyularaq yazılması hicri-qəməri tarixi ilə 170-ci ildə baş verir. Və elə bu məsələ özü nüsxələrin tarixini dəqiqləşdirməkdə böyük köməklik edir.

Əlbəttə bəzi tarixlərdə Quranda nöqtələrdən istifadə edilməsini Nəsr ibn Asim və Hüzeyfə ibn Yəmana da nisbət verirlər ki, səhabə idilər. Onlardan sonra isə Quranın kitabətində nöqtədən Əbu Əbdür-Rəhman Xəlil ibn Əhməd ibn Əmr ibn Təmim Fərahidi Bəsri istifadə etmişdir.

Quran nüsxələrinin yaşını təyin etmək üçün nöqtə və "erab"dan əlavə istifadə edilmiş yazı ləvazimatı, o cümlədən dəri, kağızın növü, yazının növü, hüsnxətt növü, "təzhib" (haşiyənin bəzədilməsi), yazıda istifadə edilmiş rənglər, vərəqlərin ölçüsü, mürəkkəb növü, təcvid əlamətləri, ayələrin nömrələnməsi, qədimdə alimlər arasında istifadə edilmiş xətt növlərinin tarixi, dil və ədəbiyyat, "rəsmul-müshəf" (sözlərin xüsusi yazılışı) və s... məqamlardan istifadə edilir.

Bundan əlavə İslamın orta əsirlərindəki nüsxələrin əvvəlində və ya sonunda nüsxəçilər və katiblər tərəfindən tarix və imzalar da mövcuddur ki, bu da həmin nüsxənin tarixini təyin etməkdə kömək edir.

Bundan əlavə hələ qədim zamanlarda Quran- Kərimin yazı növü barədə (rəsmul-müshəf) kitablar yazılmışdır ki, bunlardan bizim əlimizə çatanı Əbu Əmr Osman ibn Səid Daninin (vf. 444 hq) yazdığı "əl-Müqnə" kitabıdır. Dani bu kitabda işarə edir ki, ondan öncə bu barədə Qazi ibn Qeys Qortubi kitab təlif etmişdir.

Danidən sonra isə onun şagirdi Əbu Davud bu barədə geniş kitab yazmışdır ki, ustad və şagirdin kitabı hazırda müasir çap formatı ilə əlimizdə mövcuddur.

Biz bu kitablardan istifadə edərək Quran- Kərimin həmin dövrdə və həmin dövrə qədərki vaxta hansı xətt və yazı növlərindən istifadə edilərək yazıldığını və buna əsasən də əlyazma nüsxələrin tarixi təyin edə bilirik. Məsələn müasir suriyalı xəttat Osman Taha elə Daninin kitabına əsaslanaraq Həmd surəsində "مالک" sözünü "ملک" kimi yazır və "lam"dan sonrakı "əlif"i yazmır.

Beləliklə Quran- Kərimin nüsxələrindəki müxtəlif dəyişikliklər və bu dəyişiklərin tarixi bizə həmin nüsxələrin yazılma tarixini göstərə bilir.

Mütəxəssilərin fikrincə nüsxələrin tarixini dəqiqləşdirmək üçün istifadə olunan yollardan biri də Quranın surələrinin düzülüşünə diqqət etməkdir. Xəlifə Osmanın dövründə yazılmış Quran nüsxələri ilə fərq edən nüsxələr hansısa səhabənin nüsxəsi ola bilər. Məsələn tarixdən bizə məlumdur ki, Abdullah ibn Məsud və Übəyy ibn Kəbin Quran nüsxələri surələrin sıra düzülüşünə görə xəlifə Osmanın göstərişi ilə tərtib edilən nüsxədən fərqli olub. Həmçinin səhabələrin nüsxələri arasında da fərqlər mövcud olub və bu tarixdən bizə bəllidir. Bu fərq ilə də nüsxənin tarixini və katibini təyin etmək mümkündür.

Quran nüsxələrinin tarixini dəqiqləşdirmək üçün istifadə edilən üsullardan biri də "qiraət" fərqləridir. Müxtəlif zamanlarda Quran nüsxələri həmin zamandakı məşhur qiraətlərə (Həfsin Asimdən rəvayəti əsasında qiraət; Əbdürrəhman Sülləminin qiraəti; Nafe Mədəninin qiraəti; Əbu Əmr Bəsrinin qiraəti və s...) görə yazılıb. Buna görə də nüsxə araşdırmaçısı qiraət elmini və tarixini də dəqiq bilməlidir.

Bunu da qeyd edək ki, Quranın qiraət fərqləri həm nüsxənin zamanı və həm də məkanını təxmin etməyə imkan verir. Çünki müsəlmanlar arasında 9 əsrə yaxın məşhur olan "yeddi qiraət"in sahibləri müxtəlif şəhərlərdən olub və təbii ki, yaşadıqları şəhərin elmi və dini mühütündə təsir qoyublar. Belə ki, Nafe mədinəlilərin, Əbu Əmr bəsrəlilərin, İbn Kəsir məkkəlilərin, İbn Amir şamlıların, Həmzə və Asim kufəlilərin qarisi olublar. Onuncu əsrdə isə İbn Cəzəri bu yeddi qiraətə daha üç qiraət də (Yəqub Bəsri, Əbu Cəfər Mədəni və Xələf Kufi) artıraraq, qiraətlərin sayını ona çatdırır. Buna görə də həmin şəhərlərin Quran nüsxələrinin yazılışında qarilərin qiraətləri təsir qoymuş olacaqdır. Nəticədə tədqiqatçılar nüsxənin məkan və zamanını bu metod ilə əldə edə bilərlər.

Nüsxələrin tarixini dəqiqləşdirməyin digər bir yolu "ayələrin sayı" məsələsidir. Məsələn Məkkə nüsxələrində "ixlas" surəsinin "ləm yəlid" "və ləm yuləd" ayəsi iki ayə hesab edilir. Həmçinin "Bismillahir-rəhmanir-rəhim" ayəsi Kufi xətti ilə yazılan Quranlarda ayrılıqda bir ayə hesab edilir, amma bəzi xətlərdə özündən sonrakı ayənin tərkibindən hesab edilir. "Bismillahir-rəhmanir-rəhim"in ayrılıqda bir ayə kimi yazıldığı nüsxələr əsasən hicrinin birinci əsrinə aid nüsxələrdir.

Quran- Kərim Kufi nüsxələrinə əsasən 6236 ayə, Mədinə nüsxələrinin bəzisində 6217 və bəzisində 6214 ayə, Mədinənin qarisi Əbu Cəfərin qiraətində isə 6210 ayədir. Həmçinin Məkkə nüsxələrində 6219 və 6210, Bəsrə nüsxələrində 6204, Şam nüsxələrində 6226 ayə qiraət edilir.

Quran nüsxələrinin zaman və məkanın təyin edilməsində istifadə edilən metodlardan biri də surələrin sonunda qoyulan rəmz və işarələr və həmçinin surələrin adlarıdır. Məsələn İmam Rzanın (ə) hərəminin kitabxanasında olan əlyazma Quran nüsxəsində Bəqərə surəsinin sonunda "r-f-h = ر ف ه" hərfləri ilə əlamət qoyulub. Bu isə Əbcəd hərifləri hesabına görə 285 edir, halbuki Kufi xətti ilə Bəqərənin ayələrinin sayı 286-dır.

Bir çox nüsxələrdə surələrin qədim adı müasir adlardan fərqlənir. Məsələn Quranda "İsra" adlanan surə mövcud əlyazma nüsxələrdə "Bəni İsrail" olaraq adlanıb. Adlardakı bu ixtilaf göstərir ki, surələr müxtəlif zamanlarda fərqli adlara malik olublar və burada tarix məsələsi ortaya çıxır. Hansı surənin hansı tarixdə adının nə olduğu məlum edilərsə, nüsxənin də hansı tarixdə yazıldığını təxmin etmək olur.

http://www.iqna.ir/fa/news/3637373

فردا/ مؤلفه‌ها و راهکارهای تعیین قدمت نسخ خطی قرآن


فردا/ مؤلفه‌ها و راهکارهای تعیین قدمت نسخ خطی قرآن

فردا/ مؤلفه‌ها و راهکارهای تعیین قدمت نسخ خطی قرآن

فردا/ مؤلفه‌ها و راهکارهای تعیین قدمت نسخ خطی قرآن

فردا/ مؤلفه‌ها و راهکارهای تعیین قدمت نسخ خطی قرآن

فردا/ مؤلفه‌ها و راهکارهای تعیین قدمت نسخ خطی قرآن

فردا/ مؤلفه‌ها و راهکارهای تعیین قدمت نسخ خطی قرآن

فردا/ مؤلفه‌ها و راهکارهای تعیین قدمت نسخ خطی قرآن


Teqlər: quran ، iqna ، nüsxə ، əlyazma ، karbon 14 ، c14
captcha