IQNA

İmam Həsən Əskərinin (ə) şəhadəti münasibəti;
22:31 - December 19, 2015
Xəbər sayı: 3467071
İctami şöbə: O həzrət (ə), hicri-qəməri tarixi ilə 232-ci ilin (noyabr, 845 m.) Rəbius-Sani ayının 8-də həftənin Cümə (ya 1-ci) günü Mədinə şəhərində dünyaya göz açmışıdr. Doğum tarixini 230 ya 231-ci il, Rəbius-sani ayında da deyənlər olub, amma bu, dəqiq deyildir.


Kimliyi



İmam Əbu Məhəmməd Həsən bin Əli, 12 imamçı şiələrin 11-ci imamı, 14 məsumun (ə) 13-cüsü və 12-ci İmam həzrət Mehdi Sahib Zamanın (ə.f) (t: 255 hq. 15 şəban) atasıdır.



İmam Həsən Əskərinin (ə) künyəsi Əbul-Həsən və məşhur ləqəbləri Əskəri və Zəkidir.



İmam Əskəri (ə) Abbasilərin Əskər düşərgəsində nəzarət altında saxlanıldığı üçün, ona (ə) "Əskəri" ləqəbi verilib.



      



Doğum tarixi



O həzrət (ə), hicri-qəməri tarixi ilə 232-ci ilin (noyabr, 845 m.) Rəbius-Sani ayının 8-də həftənin Cümə (ya 1-ci) günü Mədinə şəhərində dünyaya göz açmışıdr. Doğum tarixini 230 ya 231-ci il, Rəbius-sani ayında da deyənlər olub, amma bu, dəqiq deyildir.  



 



Atası  



Atası şiələrin 10-cu imamı İmam Əli ən-Nəqi əl-Hadi bin Məhəmməd ət-Təqi əl-Cəvaddır (ə). İmam Həsən Əskəri (ə) dünyaya gələrkən atası İmam Əli əl-Hadinin (ə) 16 yaşı var idi.



 



Anası



Anası Səlil (digər adları: Süsən, Hədisə, Hüdəysə, Səmanə) adlı fəzilətli və salehə bir xanımdır ki, Abbasi xəlifələri İmamı (ə) zorla Samirraya gətirdikləri vaxt oğlundan ayrılmadı və onunla Samirraya gələrək vətənindən uzaqda və bu qərib şəhərdə də vəfat etdi.



 



İbnur-Rza (ə)



Bu üç İmam (ə), yəni İmam Həsən Əskəri, atası İmam Əli ən-Nəqi əl-Hadi və babası Məhəmməd ət-Təqi əl-Cəvad həmişə şiələri tərəfindən "İbnur-Rza" ləqəbi ilə çağırılıblar. Yəni İmam Rzanın (ə) oğlanları. Bu üç imamın nəslindən olan seyidlər də çox vaxt "Rəzəvi" soyadı ilə tanınırlar.



 



Bəzi xüsusiyyətləri



Tarix kitablarında yazılanlara görə İmam Həsən Əskəri (ə) əsmər, qarabuğdayı, gözəlqamətli, yaraşıqlı bədən qurluşu, şücaətli, səxavətli, elmli və digər gözəl xüsusiyyətlərə malik bir insan olub.



 



Vəfat tarixi



O həzrət (ə) 260-cı hq. ilin Rəbiul-Əvvəl ayının 8-də (ya 3-də) - (Aprel, 847 m.) - 28 ya 29 yaşında, cümə günü xəlifə Mötəmid Abbasi tərəfindən zəhərlənərək şəhid edilmiş və Samirrada öz (ə) evində atasının (ə) yanında dəfn olunmuşdur.



 



İmam Həsən Əskərinin (ə) mübarizə yolu



İmam Həsən Əsgəri (ə) 29 il qısa və şərəfli bir ömür sürüb. Bu 29 ilin 13 ilini Mədinədə və 16 ilini Samirra şəhərində yaşamışdır.



Samirrada 10 il atası İmam Əli əl-Hadi (ə) ilə birgə yaşamış və 6 il də özünün İmamlıq dövrü olmuşdur.



İmam (ə) bu 6 il imamlıq dövrünün 3 ilini Abbasi xəlifəsi Mötəmidin həbsxanasında keçirmişdir.



İmam Həsən Əskəri (ə) öz imamət dövründə (254 – 260 hq) aşağıdakı üç Abbasi xəlifəsi ilə müasir olmuşdur ki, hər üçü İmamı (ə) həmişə şiddətli nəzarət altında saxlamışlar:



1). Əl-Mötəz - (252-255 hq)



2). Əl-Muhtədi - (255-256 hq)



3). Əl-Mötəmid (256 – 279 hq)



 



Abbasilər tərəfindən nəzarət altında saxlanılmanın səbəbləri



İmam Həsən Əskərinin (ə) Abbasi xəlifələri tərəfindən şiddətli kontrolda saxlanılmasına səbəb kimi aşağıdakı iki əsas amili göstərmək olar:



1). Şiələrin İraqda çoxluğu və onların İmamın (ə) rəhbərliyi ya işarəsi ilə xilafətə qarşı üsyan etmə ehtimalı;



2). Dünyanı zalım hakimlərin zülmdən qurtaracaq xilaskarın çoxlu rəvayətlərə əsasən İmam Həsən Əskərinin (ə) oğlu olacağı xəbəri;



Qeyd: İmam Həsən Əskərinin (ə) şiddətli kontrolda saxlanılması və Abbasi xəlifələri tərəfindən qabilələrin (doğuş həkimləri) İmamın (ə) xanımının hamiləliyini daimi nəzarətdə saxlması tarixi bir fakt kimi İmam Mehdinin (ə) İmam Hüseynin (ə) nəslindən və İmam Həsən Əskərinin (ə) oğlu olduğunu təsdiqləyir.



 



Çıxış yolu



İmamət dövrünün üç ilini həbsdə keçimiç İmam (ə) azadlıqda olduğu vaxtlarda da həmişə dövlət tərəfdən təqib edilir və daimi nəzarətdə olurdu..



İmam Həsən Əskəri (ə) o qədər çətin bir şəraitdə idi ki, məcbur idi həftədə iki dəfə (1-ci və 4-cü gün) gedib özünü xəlifənin sarayında göstərsin və desin ki, sizin əleyhinizə heç bir iğtişaş törətmirəm.



Buna görə də o Həzrət (ə) şiələri ilə yaxın əlaqə saxlaya bilmirdi. İmam (ə) şiələrin canını qorumaq üçün onlara tapşırmışdı ki, o (ə), küçəyə çıxıb saraya tərəf gedəndə ona salam belə verməsinlər və ona (ə) tərəf heç bir işarə etməsinlər.



O (ə), bu yaxın əlaqə yoxluğundan istifafə edərək ataları İmam Cavad və İmam Hadi (ə) kimi "vəkillər" təşkilatını möhkəmlədir, şiələrin problemlərini vəkillərin vasitəsi ilə həll edir və özünün (ə) şiələr ilə birbaşa əlaqəsini tam azaldaraq onları İmam Mehdinin (ə.f) Qeybət dövrü üçün hazırlayırdı.



Bundan əlavə İmam (ə) "qeybət" dövrü üçün naibləri də hazırlamış və bu məsələni şiələr arasında yaymaq üçün şagirdlər yetişdirmişdir.



İmam Mehdinin (ə.f) birinci və ikinci xüsusi naibinin - (Osman bin Səid və Məhəmməd bin Osman) - İmam Həsən Əskərinin (ə) səhabəsi olması da bunu göstərir ki, İmam (ə) qeybət dövrü üçün öncədən proqram hazırlamışdır.



Bundan əlavə İmam Həsən Əskəri (ə) Əhli-Beyt və Mehdiçilik (ə.f) maarifini yaymaq və genişləndirmək üçün Əbul-Bəxtəri, Əli bin Babəvəyh Qumi, Əhməd bin İshaq Qumi, İbrahim bin Məhzyar, Məhəmməd bin Həsən əs-Səffar, Əbdulla bin Cəfər Himyəri və s... kimi şagirdlərdə yetişdirmişdir.



Ümumiyyətlə bu üç İmamın (ə) - (Həsən Əskəri, atası İmam Əli ən-Nəqi əl-Hadi və babası Məhəmməd ət-Təqi əl-Cəvad) – yaşadığı dövr zalım xəlifələrin nəzarət və təqib etmə baxımından ən çətin dövr olub.



İmamlar (ə) bu cür vaxtlarda "vəkillər" təşkilatından əlavə şiələrinə zalimlərin şübhə etmədiyi bir yol, yəni "dua" yolu ilə maarifləndirmə və bu yol ilə lazım olan mesajlarını ötürürmüşlər.



İmam Həsən Əskəri də (ə) babası İmam Zeynul-Abidin kimi (ə) şiələri ilə yaxın əlaqə yarada bilmədiyi və dövlət tərədindən kəskin şəkildə kontrol və təqibdə olduğu üçün "dua silahı"na sarılaraq şiələri dua ilə məsələlərdən agah edirdilər.



İmam Əskərinin (ə) İmam Mehdi (ə) barədə maariflədirmə dualarından biri çox uzun bir qunut duası və 14 Məsum (ə) haqqında bir salavatdır ki, bu salavatın da çox hissəsi İmam Mehdi (ə.f) haqqındadır.  



Belə bir qunut duası İmam Zaman (ə.f) haqqında İmam Rzadan (ə) da rəvayət olunmuşdur. (Seyyid ibn Tavus; Şeyx Tusi;).



Hətta bir dəfə Qum şiələri Musa bin Buğanın zülmündən cana doyaraq İmam Həsən Əskəriyə (ə) məktub yazırlar. İmam (ə) onların cavabını qunut duası şəkilində göndərir. (Əllamə Məclisi;).



Həmçinin O həzrətin (ə) duaları bir yerə yığılaraq "Səhifətul - Əskəriyyə" adı ilə nəşr edilmişdir. (Cavad Mühəddisi;).



Qeyd edək ki, Ayətullah Safi Gülpayiqani "Muntəxəbul-Əsər" kitabında İmam Həsən Əskəridən (ə) İmam Mehdi (ə) haqqında 22 hədis nəql etmişdir.



 



İmamın (ə) əsas fəaliyyətləri



1). Mümkün qədər şiələr ilə əlaqələrin zahirdə azaldılması və "təqiyyə".



2). Şiələri müxtəlif yollarla maddi baxımdan himayə etmək.



3). Şiələrin siyasi, ictimai və dini məsələlərinə "vəkillər şəbəkəsi" vasitəsilə nəzarət etmək – (Məhəmməd bin Əhməd bin Cəfər; Cəfər bin Süheyl Əs-Siqəl).



4). Əhl-Beyt (ə) maarifini yaymaq üçün istedadlı şagirdlərin tərbiyə olunması – (İmamdan (ə) 149 nəfər vasitəsiz hədis nəql edib).



5). Şiələri İmam Mehdinin (ə.f) qeybət dövrünə hazırlanması.



6). Şiələrin tanınmış və nüfuzlu şəxsləri ilə görüşərək onların "Qeybət" dövrü barəsində olan şübhələrini ortadan qaldırmaq və bu barədə imanlarını gücləndirmək.



7). İmam Mehdi (ə) üçün xüsusi naiblərin hazırlanması.



8). Batil firqələrlə mübarizə və şübhələrə cavablar... və... s.



Bütün bunlar göstərir ki, İmamların hamsının bir müştərək cəhəti olmuşdur ki, bu da zalim və zülm ilə mübarizə və insanları bu istiqamətdə maarifləndirməkdir. Amma şəraitə uyğun olaraq mübarizə və maarifləndirmə müxtəlif şəkillərdə həyata keçirilmişdir.



 



İmam Həsən Əskərinin (ə) nurlu kəlamlarından bir neçə nümunə:



1). İmam Həsən Əskəri (ə): "İnsanın yaxşılıqlarını gizlədib, pislik və eybini yayan qonşu, fəqərə sütunların sındıran bəladır". (Töhəful-uqul, s.487).  



2). İmam Həsən Əskəri (ə): "Yaxşıların  yaxşıları  sevməsi yaxşılar üçün savabdır. Facirlərin yaxşıları sevməsi, yaxşılar üçün fəzilətdir.



Facirlərin yaxşıları düşmən bilməsi, yaxşılar üçün zinətdir. Yaxşıların facirləri düşmən bilməsi facirlər üçün rüsvayçılıqdır". (Biharul-ənvar, 66/238, bab:36 və c.75, s. 372, bab: 29;). – (Bu hədis "Əl-Kafi"də (2/640, h.6) İmam Sadiqdən (ə) nəql edilmişdir).



3). İmam Həsən Əskəri (ə):"Bil və agah ol!:



Həyanın həddi var, ondan artığı zəiflikdir.



Səxavətin miqdarı var, ondan artığı israfdır.



Qənaətin həddi var, ondan artığı simiclikdir.



Ehtiyatın həddi var, ondan artığı qorxaqlıqdır.



Şücaətin həddi var, ondan artığı özünü təhlükəyə atmaq və məhv etməkdir". (Həlvani, "Nüzhətun-nazir və tənbihul-xəvatir", s.144;).



4). İmam Həsən Əskəri (ə): "Axmağın qəlbi ağzında, ağıllı insanın ağzı qəlbindədir".  



 



İmam Həsən Əskərinin (ə) şiələrə vəsiyyəti



"Sizlərə tövsiyə edirəm ki...



1). Təqvalı olun və Allahdan qorxun;



Quran baxımından insanların bir-birindən təkcə üstün cəhəti təqvalı olmalarıdır – (Hucurat, 13).



Quran-Kərim buyurur: "Allah yanında ən sevimli məqam təqvalı olmaqdır". (Ali-İmran,76; Tövbə, 4 və 7);



Quran-Kərim ayələrinə görə "təqva" həm günahdan qorunmağa, həm dünyada Allahdan, günaha düşməmək üçün kömək diləməyə və həm də axirətdə dünyada səhvən etdiyi günahların əzabına düçar olmamağı istəməyə deyilir. (Bəqərə, 201).



Qurani-Kərim "təqva"lı insan üçün aşağıdakı xüsusiyyətləri də sayıb:



1). Yalan və nahaqq və dəqiq bilmədiyini danışmır – (Nisa, 9).



2). Kafir və münafiqlərə aldanıb onlara itaət etmir – (Əhzab, 1).



3). Təqvalı insan ictimai hüquqları qoruyur, digərlərinin hüquqlarını pozmur, digərlərini aldatmır  – (Bəqərə, 119; Mütəffifin, 1).



Məsumlardan (ə) nəql olunan hədislərdə "təqva" əxlaqın rəisi sayılır. Çünki İlahidən qorxu olduqda və Onun hər bir zaman insanın işlərini gördüyünü bildikdə, insan çalışır ki, Allahın xoşuna gələn işləri görsün və Onu qəzəbləndirən işlərdən çəkinsin. Bununla da bütün yaxşı rəftarlar İlahi Təqvadan doğur.



İmam Əli (ə) buyurur: "Təqvanın dörd əlaməti var: Allahdan qorxmaq, Qurana əməl etmək, aza qane olmaq və axirət səfəri üçün azuqə hazırlamaq".



İmam Sadiq (ə) təqvanın nə olduğu barədə buyurur: "Allah əmr etdiyi və istədyi yerlərdə görünəsən və nəhy (qadağan) etdiyi yerlərdə olmayasan".



2). Haramlardan çəkinin (vərə`);



- İmam Sadiq (ə) buyurur: "Dininizi haramlardan çəkinməklə qoruyun ki, haramdan uzaq olmaq dinin ən yuxarı dərəcəsidir".



3). Allah yolunda çalışın;



İmam Sadiq (ə) buyurur: "Səfillikdən (dünya malı üçün başqalarına boyun əymək, zəlil olmaq, alçalmaq) uzaq olun ki, Əlinin (ə) şiəsi o kəsdir ki, qarnı və cinsi üzvləri iffətlidir, özü çox çalışan".



İmam Sadiq (ə) başqa hədisdə buyurur: "Cavan, sağlam, güclü, təravətli olduğun zaman və şad və boş vaxtlarında axirət üçün çalışmağı unutma".  



4).  Doğru danışın;



5). Xəyanət etməyin;



Sizə inanıb etibar edənin kafir, facir ya müsəlman olduğuna fərq qoymadan əmanəti sahibinə qaytarın.



Allah-Taala Quran-Kərimdə xainləri sevmədiyini bildirir – (Ənfal, 58).



6). Rükuda və Səcdə də çox qalın;



- Rüku və səcdəni uzatsanız İblis fəryad edəcək ki, vay olsun mənə, bu kişi itaət etdi, mən üsyan etdim, bu kişi səcdə etdi, mən təkəbbür etdim.



7). Qonşularla yaxşı davranın;



8). (Vəhdətə və sülhamiz yaşayışa dəvət):



Bu Həzrət Məhəmmədin (s) gətirdiyi dindir: - Sizinlə yaşayan əhli-sünnə və digərlərini yoxlayın, cənazələrinin dəfnində hazır olun, xəstələrini ziyarət edin, onların hüquqlarını riayət edin, haqlarını əda edin.



İmam Həsən Əskəri (ə) başqa bir vəhdət yönlü kəlamında buyurur:



قبری أمان لاهل الجانبین



"Mənim qəbrim hər iki tərəf (şiə və sünni) pənahgahdır, təhlükəsizlik yeridir".



İmam Həsən Əskəri (ə) hədisin davamında buyurur:



"Sizdən biriniz bu deyilənlərə əməl edib, camaatla gözəl rəftar edərsə, deyəcəklər bu kişi şiədir! Bu söz Bizi (Əhl-Beyt) sevindirəcək.



Allahdan qorxun və bizə zinət və yaraşıq olun. Bizə utanc gətirməyin. Bizi (öz əməlləriniz və gözəl əxlaqınızla) insanlara sevdirin). Onları (öz pis əməllərinizlə) bizə düşmən etməyin.



Bizim üçün insanların dostluğunu qazanın. Yaxşılıqları bizə tərəf çəkin, pislikləri bizdən uzaqlaşdırın.



Bizim haqqımızda deyilən bütün gözəlliklər bizdə var. Haqqımızda deyilən bütün pisliklərdən uzağıq. Həmd olsun aləmlərin Rəbbinə!



Bizim üçün Allah kitabında haqq vardır və Allah Rəsulunun (s) yaxınlarıyıq. Bizim paklığımız Allah tərəfindəndir. Bunu bizdən başqa hər kəs iddia etsə yalançıdır.



Allahı çox zikr edin, ölüm həmişə yadınızda olsun. Quran çox oxuyun. Peyğəmbərə (s) çox salavat deyin. Həqiqətən də Peyğəmbərə (s) salavat deməkdə on gözəllik var.



Vəsiyyətimi yadda saxlayın. Sizi Allah əmanət edir və sizə salam deyirəm".



Hazırladı: Mirməhəmməd Bəşirov



İstifadə olunmuş ədəbiyyat:



Əl-Kafi, Şeyx Kuleyni (vəfat:329).



Əl-İrşad, Şeyx Müfid, 2/313;



Tarixe-Gozide, Həmdullah Müstəvfi (730 hq), s. 206;



Tarixe Qum, Həsən bin Məhəmməd Qumi (387 hq.), s.203;



Mosuətu ətəbatil-muqəddəsə, Cəfər Xəlili, c.1/242 və c.12, s. 184 və 274;



Fiqhur-Riza (ə), s.357;



Töhəful-uqul, Hərrani, s.487;



Əl-Ğarat, Səqəfi Kufi, 2/860;



Əl-Muntəzəm, Əbul-Fərəc İbn Cövzi, 12/158;



Əl-Kamil, İbn Əsir, (farsca təcümə), 18/129 –(260-cı ilin hadisələri);



Ət-Tarix, İbn Xəldun, 4/184;



Tarixu Samerra, Zəbihullah Məhəllati, c.1, s. 310 və c.2, s.130;



Həyate fikri və siyasiye imamane şiə, Cəfəriyan, c.2, s. 129 - 197 - 281;



Səhifeye Əsgəriyyə, Cavad Mühəddisi;



Biharul-Ənvar, Əllamə Məclisi, 82/229, 249 və 99/238;



Misbahul-mütəhəccid, Şeyx Tusi, c.1, s.137-156;



Məkarimul-Əxlaq, Təbərsi, s. 332;



Mikyaul-Məkarim, Məhəmmədtəqi Musəvi, c.2;



Məhcud-dəvat, Seyid Tavus, s.63;



Cəmaulul-Usbu, Seyid Tavus, s. 256, fəsl:34 və s. 413;



İqbalul-Əmal, Seyid Tavus, c.1, s.60;



Təhzibul-Əhlam, Şeyx Tusi, c.3, s.110;



"Nüzhətun-nazir və tənbihul-xəvatir", Həlvani, s.144;



"Fi-Rihabi-Əhlil-Beyt (ə)", Seyid Fəzlullah, c.2, s.459;

Teqlər: imam ، həsən ، əskəri ، şəhadət
Ad:
E-poçt:
* Comment:
* captcha: