IQNA

"Məsnəvi Mənəvi", qəribə adı və görünməmiş quruluşu olan bir kitabdır

11:45 - March 15, 2022
Xəbər sayı: 3491923
"Məsnəvi" kitabının adı fars şeir formalarından birinin adıdır. Bu əsərin strukturu bu üslubda olan adi kitablardan qəribə şəkildə fərqlənir.

Məsnəvi tədqiqatçısı Məhəmməd Əli Müvəhhid "Məsnəvi" kitabının qəribə adı və misilsiz quruluşu ilə bağlı bəzi fikirlər söyləyib ki, aşağıda oxuya bilərsiniz:

"Məsnəvi" adı qəribədir və müəllif onun Quranla uyğunluğunu vurğulayır. Müqəddimənin mətnində oxuyuruq ki, bu kitabın adı "Məsnəvi"dir və burada Üsulid-dinin prinsipləri qeyd olunub.

"Məsnəvi" kitabın adı deyil, fars şeirinin növlərindən biridir. "Şahnamə", "Veys və Ramin", "Məntiqut-Teyr", "Bustan" və "Əsrarnamə" kimi bir çox kitablar bu şeir növünün müxtəlif formatlarında yazılmışdır. Kiminsə kitab yazıb adını Məsnəvi qoyması qəribədir.

Bu əsərin müqəddiməsinin davamında müəllifin öz kitabını təkcə "Qurani-Kərimin göstəricisi" deyil, həm də onun tayı hesab etməsi bizi təəccübləndirir. Vəhy qələmindən Quran haqqında bildirilən eyni xüsusiyyətləri Məsnəvi haqqında təkrar edir: "Allahın dediyi kimi, çoxları onunla hidayət olunur, çoxları da azır" (Bəqərə ayə 26); "Şərəfli və fəzilətli mələklər əlləri ilə" (Əbəsə ayə 15-16); "Yalnız pak olanlar ona toxuna bilər" (Vaqiə ayə 79); "Ona nə qarşısından, nə də arxasından batil yol tapa bilməz" (Füssilət ayə 42).

Bir anlıq diqqət edib, bir az fikirləşərək belə bir məqama gəlirik ki, Quranın adlandırılmasında da eyni qəribəlik var. Ruhul-Əminin Muhəmmədin (s) qəlbinə nazil etdiyi şey "Quran" adlanır və Quran kitabın adı deyil, oxumaq mənasına gəlir. Amma Quranın başqa adları var ki, onlardan ən mühümü "Kitab"dır. Qurani-Kərimdəki söz siyahısına nəzər salsanız, "kitab" sözünün təkrarı "Quran" sözündən qat-qat artıqdır. "Kitab" sözünün mənası "yazmaq" deməkdir. Müqəddəs Kitabımız bəzən "yazmaq", bəzən də "oxumaq" adlanır. Yazmaq və oxumaq ümumi sözlərdir. Bu adların müəyyən bir kitab üçün istifadə olunması bir az qəribədir. Həm də qəribədir ki, "Şahnamə", "Bustan", "Əsrarnamə" kimi çoxsaylı məsnəvilər arasında müəyyən bir kitab"Məsnəvi" adlanıb.

Amma Quranın Məsnəviyə bənzəyən və bizi daha çox düşünməyə dəvət edən başqa bir adı da var. Qurandan iki fərqli ayədə "Məsani" kimi ad aparılıb. Biri Hicr surəsi ayə 87 və digəri Zümər surəsi 23-cü ayədə gəlib. Təəccüblüdür ki, "Məsani" kəlməsi eynilə "cüt" və "qoşa" mənasını verən "Məsnəvi"nin lüğəvi mənası kimidir. Onun leksik kökü mənasında "təkrar" da ifadə olunur.

Ruminin kitabının məsnəvi olması həm onun beytlərinin quruluşunun qoşa görünüşü, həm də hər beytin iki misrasının həmqafiyə olması ilə bağlıdır. Bu, əlbəttə ki, zahiri bir xüsusiyyətdir ki, çox asan başa düşülür. Amma Məsnəvinin semantik və məzmun sahəsi də iki cəhətli baxışdan xəbər verir. "Sifət-məna", "zahir-batin, "dünya-axirət", "cism-ruh", "həyat-ölüm", "iman-küfr", "yer- səma", "məcburiyyət – ixtiyar", "nur – Zülmət" və s... kimi bu baxış və diqqəti Məsnəvidə müxtəlif formalarda görmək olar. Rumi yaradılışın bütün zərrələrini qarşılıqlı və ziddiyyətli məsələlərlə iç-içə görür.

(Məsnəvi Mənəvi və ya Məsnəvi Moləvi kimi tanınan) Məsnəvi, Molla Rumi kimi tanınan Mövlana Cəlaləddin Məhəmməd Bəlxinin (1207-1273) ən məşhur şeir kitabının adıdır. O, iranlı şair və arifdir. Məsnəvi 26.000 beyt və 6 kitabdan ibarətdir və İslamdan sonra qədim fars mistik ədəbiyyatının və fars hikmətinin ən yaxşı kitablarından biridir.

4001561

captcha