IQNA

Quran nə deyir? /14

Quran açıq şəkildə irqçiliyə qarşı çıxıb

16:08 - July 03, 2022
Xəbər sayı: 3492497
Kişi və qadının mahiyyətində bərabərlik prinsipi və insani xüsusiyyətlərin fərqliliyi prinsipi Qurani-Kərimdə, xüsusən də "Hücürat" surəsinin bir ayəsində açıq şəkildə bildirilmiş iki əsasdır.

Müxtəlif etnik qruplar və irqlər arasında çoxlu ayrı-seçkilik və münaqişələr mövcuddur ki, bunların çoxunun qədim kökləri var. İnsanlar və millətlər arasında fərqlər təbii bir məsələdir. Problem o nöqtədən başlayır ki, bu fərqlər bəzi insanların dəyərini, bəzilərinin isə dəyərsizliyini ölçmək üçün istifadə olunur.

İrqçiliyin bir nümunəsi olan bu yanlış baxış bir çox müharibələrin qaynağı olmuşdur. Quran təlimləri də bu məsələyə biganə qalmır. Eyni zamanda, insanların dəyəri üçün təbii fərqlilikləri əsas götürməyi tamamilə rədd edir. İnsan dəyəri üçün müəyyən bir meyar ifadə edir.

"Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır" (Hücürat, 13).

Bu ayədə üç mühüm prinsipdən bəhs edilir: Kişi və qadının yaradılmasında bərabərlik prinsipi, insan xüsusiyyətlərinin fərqliliyi prinsipi və təqvanın üstünlük meyarı olması prinsipi. Təbii ki, Quranın digər ayələrində də elm, təcrübə, təvəkkül, qabiliyyət və hicrət kimi meyarlar görünür.

Ayətullah Məkarim Şirazi yazıb ki, bu ayənin ayrı-seçkiliyi tərk etmə mesajı belə ifadə edilir: İnsanların kişi və qadından yaradılmasının mənası insanların nəslinin "Adəmə" və "Həvva"ya qayıtmasıdır. Ona görə ki, onların hamısı eyni kökdəndir. Onların bir-birləri ilə nəsil və tayfa baxımından fəxr etmələrinin mənası yoxdur. Əgər Allah hər qəbilə üçün xüsusiyyətlər yaratmışsa, xalqın ictimai həyatında asayişi qorumaq üçündür. Çünki bu fərqlər tanınma səbəbidir. İnsanları tanımadan insan cəmiyyətində nizam hökm sürə bilməz.

Maraqlısı odur ki, sosial qarşılıqlı əlaqənin hərəkət və formalaşma amili məhz bu fərdi və irqi fərqlərdir. Bu fərqlər olmasaydı, cəmiyyət durğunlaşardı.

Nur Təfsiri bu ayənin bəzi mesajlarını belə ifadə etmişdir:

1_ Kişi və ya qadın olmaq, müəyyən qəbilə və ya millətdən olmaq şərəf meyarı deyil, çünki bunlar Allahın işidir.

2_ İnsanların zahiri görünüşündə və irqində görünən fərqlər hikmət üzündəndir və bir-birini tanımaq üçündür, öyünmək üçün deyil.

3_ İnsanların gözündə ləyaqət keçicidir, Allah yanında ləyaqət qazanmaq mühümdür.

4_ Quran bütün irqi, partiya, etnik, qəbilə, bölgə, iqtisadi, əqli, mədəni, sosial və hərbi ayrı-seçkiliyi rədd edir və təqvanı fəzilət meyarı hesab edir.

5_ Üstünlük axtarmaq insanın fitrətindədir və İslam təqvanı bu fitri istəyin yolu qərar verib.

6_ Təqva iddiasında olmayaq və özümüzü yalandan təqvalı göstərməyək, Allah hər kəsi yaxşı tanıyır.

Teqlər: irqçilik ، tayfa ، birlik ، ləyaqət
Ad:
E-poçt:
* Comment:
* :