IQNA

Quran nə deyir? /15

Kəbə tarixin ilk ibadət yeridir

16:08 - July 03, 2022
Xəbər sayı: 3492492
Həcc ziyarəti müsəlmanlar tərəfindən yerinə yetirilir. Amma Qurana görə Kəbə ilk ibadət yeridir və Həcc mərasimi təkcə müsəlmanlar üçün deyil, bütün dünya üçün hərtərəfli hidayət amili hesab olunur.

Zilhiccə ayı möhtəşəm Həcc mərasiminin keçirilməsi üçün xüsusi mövsümdür. Bu mərasim, Qurani-Kərimdə deyildiyinə görə, Allah tərəfindən ilk dəfə Həzrət İbrahimin (ə) zamanında və Kəbənin tikilməsindən sonra bu ilahi peyğəmbər tərəfindən qoyulmuşdur. Allah İbrahimə (ə) buyurdu: "İnsanları həccə çağır ki, onlar sənin yanına (istər) piyada və (istərsə də) hər uzaq yoldan yollanan hər cür arıq (yorğun-arğın) dəvələr üstündə (süvari olaraq) gəlsinlər" (Həcc, 27).

Kəbə ilə bağlı maraqlı məqam Quranda Kəbənin yerini Allaha ibadət üçün ilk rəmz və qiblə kimi təqdim etməsidir. Bundan sonra Həcc ziyarətinin vacibliyini izah edir. Quranda həccin qaydalarını və bu möhtəşəm mərasimin təfərrüatlarını izah edən bir çox başqa ayələr də vardır.

"Həqiqətən, insanlar üçün ilk bina olunan ev (məbəd) Bəkkədəki evdir ki, o, şübhəsiz, bütün aləmlərdən ötrü bərəkət və doğru yol qaynağıdır" (Ali-İmran, 96).

Kəbə universal yol göstərən amildir

Əllamə Təbatəbai "Əl-Mizan"da deyir ki, Kəbə əqli cazibədən tutmuş dünyadan tam ayrılmağa və məna dünyasına tam əlaqəyə qədər hidayətin bütün mərtəbələrinə bələdçidir və kamil bir hidayətdir. Doğrudur ki, buna ancaq Allahın ixlaslı bəndələri çata bilər. Bundan əlavə, Kəbə İslam dünyasını onların dünya səadətinə doğru da istiqamətləndirir. Bu xoşbəxtlik sözün birliyi və ümmətin birliyindən ibarətdir.

Kəbə həmçinin qeyri-islam dünyasını da hidayət edir. Onlar yuxusundan oyanıb bu birliyin bəhrələrinə diqqət yetirsinlər və görsünlər ki, İslam müxtəlif qüvvələri, müxtəlif zövqləri, müxtəlif irqləri necə birləşdirib, bir-birinə qardaş edib. Buna görə də, vəhdət Həccdə qarşıya qoyulan ən əsas məqsədlərdən biridir.

Buradan iki məqam aydın olur: Birincisi, Kəbə dünya və axirət səadətinə doğru yol göstərən amildir. İkincisi, Kəbə təkcə xas qrupa deyil, bütün dünyaya aid olan hidayət sayılır. Çünki Kəbənin hidayətinin əhatə dairəsi genişdir.

Ayələrdən mesajlar:

Möhsin Qəraəti bu ayədən bəzi mesajları "Nur Təfsir"ində ifadə etmişdir:

1_ Kəbə insanların ibadət və dua etmələri üçün tikilmiş ilk evdir.
2_ Məbədlərin tarixi keçmişi onun dəyər meyarlarından biridir. 
3_ Kəbənin xeyir və bərəkəti təkcə möminlər və ya xüsusi bir irq üçün deyil, hər kəs üçündür. 
4_ Xalqla olmaq Kəbə üçün bir dəyərdir. 
5_ Kəbə insanların hidayət mənbəyidir. 

Ad:
E-poçt:
* Comment:
captcha