İran tarixində din alimləri, təcrübi elmlər üzrə alimləri və İran mütəfəkkirləri arasında Quran həmişə yüksək mövqe tutmuşdur. Bu mövqe o qədər böyük olmuşdur ki, davamlı olaraq Quranla öz elmi tapıntı və iddiaları arasında uyğunluğu göstərməyə çalışmışlar. Quranla fəlsəfə arasındakı əlaqəni ifadə etmək lazımdır.
İran İslam fəlsəfəsində filosofların səylərinin böyük bir hissəsi Quranın təsvir etdiyi hər şeyi rasional şəkildə sübut edə biləcək bir rasional sistem qurmaq istiqamətində olmuşdur. İranın bəzi böyük filosof və mütəfəkkirləri, yəni Farabi, İbn Sina, Fəxr Razi, Qəzali, Sührəvərdi, Xacə Nəsirəddin Tusi və Molla Sədra bu istiqamətdə çoxlu səylər göstərmişlər. Amma Molla Sədradan sonra yeni bir fəlsəfi sistem qurulmayıb ki, onun Quranla necə bağlı olduğuna dair söz deyilsin.
Əməli hikmət sahəsində, xüsusən də cəmiyyətin siyasəti sahəsində Quranla əlaqənin nə demək olduğunu görməliyik. Birincisi, İran arifləri və filosofları arasında siyasətçi filosoflarımız az olub. Olanlar da Adətən özləri nazir və dövlət xadimi olublar. İkincisi, Qurandakı əlaqə bəzən sözdə, bəzən də əməldə olur. Əməvi və Abbasi xəlifələri, onlardan sonra İran padşahları, sonra isə İran dövlət xadimləri arasında Quran böyük hörmətə malik olmuşdur. Həmişə onların yazdıqları məktubların əvvəlində Qurani-Kərimin ayələri olmuşdur.
Mən Qurana açıq-aşkar hörmətsizlik edən padşah və ya hökmdar tanımıram. Amma praktiki davranış baxımından tarixdə siyasətçilərin Qurana əsasən əməl etdiyi bir vəziyyətə nadir hallarda rast gəlirik. Məsələn Qurana görə başqalarına zülm etməkdən çəkinmələri az görülmüşdür.
Qurani-Kərim buyurur: "Biz bu axirət yurdunu yer üzündə təkəbbürlük etməyənlərə və fitnə-fəsad törətməyənlərə qismət edirik. (Ən gözəl) aqibət ancaq Allahdan qorxub pis əməllərdən çəkinənlərindir!" (Qəsəs, 83). Nadir hallarda olub ki, hökmdarlar təqvalı olmağa çalışırlar və hakimiyyət naminə insanları öldürmürlər.
Qeyd etmək istərdim ki, hər bir dövrdə müxtəlif fəlsəfi və teoloji baxışlar adətən özləri üçün Qurandan dəlillər tapmışlar. Filosof və alimlər öz baxışlarının Quranla bağlı olduğunu göstərməyə çalışmışlar. Abbasilərin xilafəti kimi dövrlərdə Qurandan edilən çıxarışlar xüsusi bir cərəyana, yəni mötəzili cərəyanı əsasında edilir və digər siyasi baxışlar sıxışdırılırdı. Qacarlar dövründə Quranın təfsirləri təsəvvüfə uyğun edilirdi. Bunlara hər bir dövrdə ictimai-siyasi mühit böyük ölçüdə təsir göstərmişdir. İnşallah bizim dövrümüzdə Quranla nəzəri fəlsəfə və əməli fəlsəfənin əlaqəsi daha yaxşı bir əlaqə olacaqdır.
* Fəlsəfə müəllimi Əli Məhcurun "İQNA"-ya müsahibəsindən götürülmüşdür.
4078005