IQNA

Bəqərə 186-nın qısa təfsiri

15:38 - March 06, 2015
Xəbər sayı: 2936129
Quran fəaliyyətləri qrupu: Allah-Taala insanlara Quran-Kərimin müxtəlif yerlərində Onu çağırmalarını, dua etmələrini göstəriş vermiş, duanın qəbul şərtlərinə işarə etmiş və həmçinin duanı necə etməyin yollarını da öyrətmişdir. Belə ayələrdən biri də mübarək Bəqərə surəsinin 186-cı ayəsidir.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) redaksiyasına ünvanlaran Quran-Kərimin "Bəqərə" surəsinin təfsiri haqqında sualı uyğun bölmə üzrə ixtisasçımızın araşdırması əsasında oxucularımıza təqdim edirik.



Allah-Taala Quran-Kərimin Bəqərə surəsinin 186-cı surəsində buyurur:



.. وَ إِذٰا سَأَلَکَ عِبٰادِی عَنِّی فَإِنِّی قَرِیبٌ أُجِیبُ دَعْوَةَ اَلدّٰاعِ إِذٰا دَعٰانِ فَلْیَسْتَجِیبُوا لِی وَ لْیُؤْمِنُوا بِی لَعَلَّهُمْ یَرْشُدُونَ ..  



"(Ya Rəsulum!) Bəndələrim Mənim barəmdə səndən soruşduqda (söylə ki), həqiqətən və yəqinən Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Bu şərtlə ki, onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. (Bununla da) ola bilsin ki, doğru yola yetişsinlər".



Bu ayənin nüzul səbəbi haqqında belə deyirlər:



... أنّ أعرابیّا قال لرسول اللّه (ص): أقریب ربّنا فنناجیه أم بعید فننادیه؟ فنزلت...



Bir nəfər çöl ərəbi (bədəvi ərəb) gəlib Allahın-Rəsulundan (s) soruşdu: Allah-Taala bizə yaxındır, ya uzaq? Əgər yaxındırsa, münacat edək (astadan çağıraq), yox, əgər uzaqdırsa, ucadan çağıraq?! – (Syuti, "Əddürrül-mənsur", 1/194; Təbərsi, "Məcməul-bəyan", 1/278).  



Bu ayənin təfsirinə iki cür baxış var:



1). İrfani təfsir:



Allah-Taala Peyğəmbərdən (s) soruşulan bu suala Özü birbaşa cava verdi. Başqa ayələrdə olduğu kimi bu dəfə onların cavabına "de ey peyğəmbər" sözündən də istifadə etmədi. Bunun mənası budur ki, Allah-Taala bəndələrinin dua və münacat etməsini o qədər sevir ki, Özü birbaşa onlara cavab verir və bu işi etmələrini istəyir.



Amma duanın qəbul olunması üçün də şərtlər qoyur ... İstəyirsənsə, Allah-Taala səsini eşidib, duanı qəbul etsin, əvvəlcə sən Allahın dəvətini qəbul etməli, iman və əməl sahibi olmalı (Namaz, Oruc, Zəkat, Xüms, s...) və bundan sonra Allah-Taala ilə münacat etməlisən; Bu zaman Allah-Taala vədə verir ki, sənin səsini eşidəcək və duanı da Özü məsləhət bildiyi kimi sənin haqqında qəbul edəcəkdir. Çünki ola bilər sənin istədiyin şey sənin xeyirinə və məsləhətinə olmasın. Allah-Taala sənin xeyrini səndən daha yaxşı bildiyi üçün Özü sənin haqqında məsləhət nədirsə, onu həyata keçirəcək. Məsumlardan rəvayətlərdə deyilir ki, dua edərkən Allaha "təkliflər paketi" göndərməyin. Bəlkə Allahdan istəyin ki, sizin haqqınızda məsləhət nədirsə, sizin üçün xeyirli nədirsə, onu sizə bəxş etsin. 



Səhabələrdən biri bu ayəni oxuyaraq İmam Sadiqdən (s) soruşdu ki, biz çağırırıq, bəs nə üçün Allah-Taala qəbul etmir?



İmam Buyurdu: "Çünki tanımadığınız kəsdən, (nəticəsini) bilmədiyiniz və (xeyir və zərərini) anlamadığınız şeyi istəyirsiniz".



Başqa bir hədisə görə İmam Sadiq (ə) belə bis sualın cavabında buyurdu: Allah-Taala digər ayədə buyurur ki, "əhdlərinizə vəfa edin ki, Mən də əhdimə vəfa edim". Yəni siz İslamı qəbul edərkən əmrlər müqabilində təslim olacağınıza söz verdiniz, amma əməl etmədiyiniz üçün bu əhdi sındırdınız. Allah-Taala da duanı qəbul etməsi üçün Ona iman gətirməyi və əhdinizə vəfa etməyi şərt bilir.



2). Etiqadi və kəlami təfsir: Ayələrin "kəlam elmi" baxımından araşdırılması "etiqadi və kəlami təfsir" adlanır. Belə ki, müsəlmanlar əqidəsinə görə Allah-Taala zaman və məkanın yaradanı, zaman və məkana ehtiyacsız və zaman və məkanın fövqündə olan bir varlıqdır. Amma bu ayədə Özü haqqında "qərib" (yaxın) sözündən istifadə edib: "Siz Məni çağırın və Mən sizə yaxınam".



Ayədəki "yaxın" sözündən məqsəd nədir?



Bütün müsəlman təfsirçilərini "yaxın" sözünün burada məcazi mənada işləndiyini vurğulayıblar.



Bunu təfsirçilər iki cür izah ediblər:



1). "Qərib" (yaxın), yəni Allah "alim"dir. Çünki insana yaxın kəslər onun nəyə ehtiyacının olduğunu daha yaxşı bilir. İnsan yaxın olanlar onun ürək sirlərini, fərdi xüsusiyyətlərini digərlərindən daha dəqiq və yaxşı bilirlər. Həmçinin yaxın olduqları üçün problemlərin həllində də hamıdan digərlərindən daha yaxşı və məqsədə uyğun köməklik göstərə bilərlər.



Ayədə də Allah-Taala buyurur ki, mən Sizin dərdlərizini daha yaxşı bilirəm və müşküllərinizin həlli üçün Məni çağırın. Mən sizə ən yaxşı köməyi göstərəcəm, ən doğru çıxış yolunu qarşınıza qoyacam və məsləhətinizə olanı həyata keçirəcəm, çünki sizi yaratmışam və hər kəsdən daha yaxşı tanıyıram.



Ayə və hədislərə əsasən Allah-Taala hətta ürəklərdəki vəsvəsələri də bilir. Allah-Taala ilə ürəklər arasında heç bir pərdə yoxdur. Buna görə də Allah-Taala ayədə bizə, yəni qəlblərimizə "yaxın" olduğunu və qəlbimizdən nələrin keçdiyini də bilir.



وَ لَقَدْ خَلَقْنَا الْإِنْسانَ وَ نَعْلَمُ ما تُوَسْوِسُ بِهِ نَفْسُهُ وَ نَحْنُ أَقْرَبُ إِلَیْهِ مِنْ حَبْلِ الْوَرِیدِ



Allah-Taala bizim nəfsmlərmizdəki vəsvəsələri bilir və bizə şax damarımızdan da yaxındır – ayəsində (Qaf surəsi, ayə 16) olduğu kimi "yaxın" kəlməsi Bəqərə 186-da "alim" mənasına işlədilmişdir. 



İmam Əlidən (ə) də bu barədə belə bir məzmunda hədis var ki, Allah-Taala bizimlədir, eyni haldakı bizdən çox uzaqdadır - (Nəhcül-Bəlağə). Allah-Taala həmişə bizimlədir, bizim hər anımıza olan tükənməz elmi ilə, eyni halda bizdən çox uzaqdadır, bizim onu dərk etməyə gücü çatmayan elmimizə görə... Onun uzaqlığı məkan və zaman fasiləsi deyil, yaxınlığı da məkan və zaman yaxınlığı deyil.



İbn Fəhd Hilli "Üddətud-dai" kitabında bu ayənin təfsirində deyir: Bu ayədən istifadə olunur ki, Allah-Taala məkana sahib deyil. Çünki ayədə deyir ki, mən dua edənlərə yaxınam. Məlumdur ki, dua edənlərin sayı həddindən artıq çoxdur. Belə isə burda məkani baxımdan yaxın olmaqdan söhbət gedə bilməz. Deməli buradakı yaxınlıq məcazi bir yaxınlıqdır ki, Allahın elmi ilə bağlıdır.   



2). Allah-Taala sizi sizə ən yaxın kəsin eşidəcəyindən daha tez eşidəcək!



Bəzi təfsirçilər də bu ayədəki "yaxın" sözünün məcazi mənada işləndiyini vurğulayırblar. Burada "yaxın"dan məqsəd budur ki, bizə ən yaxın adamı çağırdığımız zaman o bizi eşidtiyi sürətlə və aydınlıqla Allah da bizi eşidir. Çünki Allah-Taala üçün yaxın və uzağın mənası yoxdur. Allah-Taala zaman və məkanın fövqündə olan bir varlıqdır.



Bu təfsirə görə "qərib" sözü "tez eşidən və sürətlə qəbul edən" mənasına olacaqdır.



İstifadə edilmiş ədəbiyyat:



1). Şeyx Səduq, "Ət-Tövhid", farscaya qısa şərh və tərcüməsi: "Əsrare Tövhid", Fazil Ərdəkani, s.227.



2). Feyz Kaşani (1091 hq), "Əl-Səfa fi təfsiril Quran", 1/89. 



3). Seyid Haşim Bəhrani, "əl-Bürhan fi təfsiril-Quran", 1/395.



4). Şeyx Tusi (460 hq), "Ət-Tibyan fi təfsiril Quran", 2/130.



5). Əyyaşi, "ət-Təfsir", 1/83.



6). Abdullah Şübbər (1142 hq), "əl-cövhərus-səmin", 1/188.



7). Məhəmmədcəvad Bəlaği, "Alaur-rəhman", 1/162.



8). İbn Fəhd Hilli (841 hq), "Ayine bəndəgi və niyayeş" s. 27 və s.243 və s.575 - ("Üddətud-dai" kitabının farsca tərcüməsi),



9). Əllamə Məclisi, "Biharul-Ənvar", 4/201.



10). Feyz Kaşani, "Təfsirus-Safi", 1/222.



11). Məhəmməd Məşhədi, "Kənzud-dəqaiq", 2/249.



12). Şəiri, "Cameul-Əxbar", s.131.



13). Kaşani, "Zübdətut-təfasir", 1/304.



14). Təbərsi, "Məcməul-Bəyan", 2/500.



Mirməhəmməd Bəşir

captcha