Şübhəsiz ki, Allahın bəndəliyinin ən təməl əsası haqq qarşısında təslim olmaq və təvazökarlıqdır, əksinə, hər cür təəssübkeşlik və inadkarlıq həqiqətdən uzaq olmaq, rifah və xoşbəxtlikdən məhrum olmaq səbəbidir.
Şübhəsiz ki, Allaha bəndəlik etməyin ən əsas təməli Allah qarşısında təslim olmaq və təvazökarlıqdır. Əksinə, hər cür təəssübkeşlik və inadkarlıq həqiqətdən uzaq olmağın, rifah və səadətdən məhrum olmağın səbəbidir. Təəssübkeşlik "bir şeyə məntiqsiz bağlılıq" mənasınadır. O həddə ki, insan haqqı ona qurban verir. İnadkarlıq, məntiq və ağıla zidd bir şəkildə bir şeydə israr etmək deməkdir. Tarix boyu xalqların azğınlıq səbəblərindən biri də təəssübkeşlik, inadkarlıq və kor-koranə təqlid olmuşdur. Batil fikirlərə və planlara güclü bağlılıqları, inadkarlıqları və israrları səbəbindən əcdadlarının ardınca kor-koranə davam edirdilər. Bu şəkildə əsassız xurafatlar nəsildən-nəslə ötürülürdü. Peyğəmbərlərin onları doğru yola yönəltmək cəhdləri nəticə vermədi .
Tarixdə işarə oluna bilən şeylərdən biri də Nuhun (ə) əhvalatıdır. O peyğəmbərin dövrünün bütpərəstləri o qədər inadkar və təəssübkeş idilər ki, Nuhun səsini belə eşitməkdən qorxurdular. Nuhun (ə) dilindən bu ayədə deyildiyi kimi: "Sənin onları bağışlamağın üçün mən nə zaman onları (imana) dəvət etdimsə, onlar (dəvətimi eşitməsinlər deyə) barmaqlarını qulaqlarına tıxadılar, (məni görməsinlər deyə) libaslarına büründülər, (küfrlərində) israr edib durdular və təkəbbür göstərdilər" (Nuh, 7).
İdeya və inanclarda inad və israr, düşüncə və duyğuların mərkəzinin ağıl və qəlb yolunu bağlayır. Bu halda nə qulaqların, nə də gözlərin həqiqəti dərk etməyə gücü çatmaz. Quranda belə bildirilir: “Kafirlər səda və nidadan (çığırtı və bağırtıdan) başqa bir şey anlamayanlara (heyvanlara) bənzərlər. Onlar kar, lal və kordurlar. Buna görə də (haqqı) dərk etməzlər.” (Bəqərə, 171).