Cari həftənin ortalarında Fransada keçirilən regional və departament seçkiləri zamanı xoşagəlməz hal yaşanıb. Belə ki, bəzi seçki işçilərinin hicab taxması mübahisələrə səbəb olub və nəticədə onların bəzisi etirazlardan sonra vəzifələrini itirblər. Bu şəxslər arasında "Avropa Ekologiyası - Yaşıllar" (EELV) partiyasının müsəlman deputatı Rəşidə Kabburi də olub. O, "Le Parisien" qəzetinə verdiyi müsahibə zamanı ədalətsiz mövqedən şikayətlənib.
Fransada müsəlmanların üzləşdiyi bu hadisəyə oxşar hallar zaman-zaman digər ölkələrdə də qeydə alınır. Avropanın müxətif ölkələrində yerli vətəndaş statusu alan müsəlmanlar müxtəlif vaxtlarda qanunsuzluq, diskriminasiya və islamofobiya ilə üzləşirlər.
Avropa Birliyinə (AB) üzv dövlətlərin konstitusiyalarında din və vicdan azadlığı təmin olunub, xristian, yəhudi və digər inanc qruplarına mənsub insanlar konstitusiyada qeyd edilən hüquq və azadlıqlardan maksimum dərəcədə istifadə edirlər. Lakin eyni hüquqdan Avropada yaşayan müsəlmanlar nədənsə məhrumdurlar.
Avropada müsəlmanlar uzun illərdir digər dinlərin ardıcılları ilə birgə yaşasa da hicab və geyim, uşaqların dini təhsili, halal qidalar, məktəb və məscid inşaası və digər problemlərlə zaman-zaman üzləşirlər. Avropadakı müsəlmanlara qarşı ən böyük diskriminasiya isə inteqrasiya adı altında həyata keçirilən assimilyasiya siyasətidir.
Bütün bu problemlərin davam etməsinin ən böyük səbəbi müsəlmanların konstitusiya hüquqlarının təmin olunmamasıdır.
Qeyd edək ki, Avstriya 1912-ci ildə qəbul edilən qanunla İslam dinini rəsmən tanımasına baxmayaraq, Birinci Dünya müharibəsindən sonra Avstriya-Macarıstan İmperiyasının parçalanması səbəbindən qanun layihəsi öz qüvvəsini itirib. 1979-cu ildə ölkə rəhbərliyi İslamı yenidən rəsmi olaraq tanısa da 2016-cı ildə konstitusiyaya bəzi dəyişikliklər edərək müsəlmanlara verilən bir çox hüququ geri alıb.
Belçika və Niderlanda müsəlmanlar üçün qismən ürəkaçan vəziyyət hökm sürür. Belə ki, adları çəkilən iki ölkədə müsəlmanlara qismən uşaq bağçaları və dini təhsil də daxil olmaqla, bəzi hüquqlar verilib.
Bu məsələdə əsas və ən böyük problem ondan ibarətdir ki, Avropa Birliyi (AB) İslamı rəsmi din olaraq hələ də tanımayıb. Avropa Birliyinə (AB) üzv ölkələr, xüsusən Almaniya, Fransa və Avstriya İslam dinini rəsmi olaraq tanımaq və konstitusiyada bəzi hüquqları vermək əvəzinə, müsəlmanları "inteqrasiya" adı altında "assimilyasiya" etmək üçün "Euro İslam" (Avropa İslam Layihəsi) həyata keçirmək niyyətindədir. Bir-birindən fərqli, lakin eyni məqsədə xidmət edən Almaniya, Fransa və Avstriya hökumətləri müsəlmanların etirazlarına məhəl qoymadan islamofob layihəsini həyata keçirmək üçün model yaratmağa çalışırlar.
Əslində Avropada müsəlmanlara qarşı sərt mövqe və onların daim təzyiq altında saxlanılması anlaşılandır. Müsəlmanların Avropanı fəth edəcək sayda artması, son 10 ildə Avropa Birliyinə üzv dövlətlərin əhalisinin 10 faizdən çoxunu təşkil etməsi onlara qarşı təzyiqin heç də təsadüfi olmadığını göstərir.
Avropa Birliyinə üzv ölkələrin ümumi əhalisi 450 milyon nəfərdən çox olduğu halda müsəlmanların sayı ittifaq ərazisində 45 milyondan çoxdur. Bunu Amerikanın “Pew” Tədqiqat Mərkəzinin apardığı araşdırmalar deməyə əsasə verir.
Avropa Birliyi ölkələri arasında ən çox müsəlman əhalisi olan ölkələr isə Fransa və Almaniya hesab olunur. Bu ölkələrin hər birində 4.7 milyon müsəlman yaşayır. Bu vəziyyət hər iki ölkədə müsəlmanların heç bir halda boş buraxılmayacağı və daim nəzarətdə olacağından xəbər verir.
Qəbul edilən layihələr və assimilyasiya cəhdləri də müsəlmanların öz kimliklərini unutdurmağa, öz dəyərlərindən vaz keçməyə və sonda İslamdan imtina etməyə hesablanıb.
Əli Xəzəri