IQNA

Quran surələri /31

Loğman Həkimin dilindən ata nəsihəti

21:55 - September 19, 2022
Xəbər sayı: 3492950
Loğman Davud peyğəmbərin dövrünün məşhur şəxsiyyətlərindən biridir. O, əxlaq və hikmət sahibidir. Bəzi tarixi məlumatlar onun peyğəmbərlik məqamını təsdiqləyir. Belə bir şəxsiyyət xeyirxah ata məqamında öz övladına eşitməli nəsihət verir ki, bu da Loğman surəsində bəyan edilir.

Qurani-Kərimin otuz birinci surəsi Loğman adlanır. 34 ayədən ibarət bu surə 21-ci cüzdədir. Loğman surəsi Məkkə nazil olub. O, İslam Peyğəmbərinə (S) nazil olan 57-ci surədir.

Bu surədə Loğmanın adı iki dəfə keçdiyi üçün bu surə Loğman adlandırılıb. Bu, ilahi həkimdən bəhs edən yeganə surədir. Loğman Davud Peyğəmbərin (ə) dövründə yaşamış ariflərdən biri idi. Doğulduğu yer və nə qədər ömür sürməsi ilə bağlı ixtilaflar var. Bununla belə dərin təfəkkür, iman, böyük yəqin, əmanətdarlıq, sükut, etibarlılıq, doğruçuluq və insanların ixtilafını həll etmək Loğmanın xüsusiyyətləri kimi qeyd edilmişdir.

Loğman bu surədə oğluna xeyirxah ata kimi nəsihət edir. Loğmanın oğluna tövsiyəsi tövhid və Allaha şərik qoşmamaq, ata-anaya hörmət və itaət etmək, namaz qılmaq, yaxşı işlər görməyi əmr edib nəhy əz münkər etmək, səbir, təvazökarlıq, təkəbbürlü olmamaq, mülayim və aram danışıqdır.

Həmçinin bu surə insanları iki kateqoriyaya ayırır: Bir dəstə yaxşı iş görənlər və əməlisalehlər, ikinci dəstə isə azğın və təkəbbürlü olanlardır. Sonra onların əməllərinin, sifətlərinin və əlamətlərinin bəzi hissələrini izah edir. Hər iki qrupun dünya və axirət işlərinin sonunu göstərir.

Bu surənin başqa ayələrində yerin və göylərin sütunsuz, dirəksiz və görünməz əsaslarla asılı vəziyyətdə olması qeyd edilir.

Həmçinin bu surədə tövhidin əlamətlərindən, Allahı tanımaqdan, Uca Allahın qüdrət və əzəmətindən, Allahın varlığının səbəbləri və dəlillərindən bəhs edilmişdir.

Uca Allah bu surənin başqa bir yerində insanın bu fani və keçici dünyada xəbərsiz olduğu qiyamət gününün bəzi mənzərələrini, mallarını və təsirli hallarını təsvir edir.

Surənin son hissəsində yalnız Allahın bildiyi beş məsələyə işarə edilir. Beş mövzu bunlardır: Qiyamətin vaxtı, yağan yağış və damcıların sayı və onun təsir və xüsusiyyətləri, ana bətnində olanlar; İnsanı gözləyən aqibət; İnsan harada və necə öləcək?

Oxşar xəbərlər
captcha